“Azərbaycan Dağlıq Qarabağ ermənilərini öz vətəndaşı adlandırır, amma onlara atəş açır”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan öz Twitter mikrobloqunda yazıb. O qeyd edib ki, Azərbaycan tərəfi “Dağlıq Qarabağ” ermənilərinin öz vətəndaşları olduğunu iddia edir. Ancaq onlar kənd təsərrüfatı işi ilə məşğul olan zaman həmin şəxslərə atəş açır: “2020-ci il noyabrın 9-dan sonra Azərbaycan “Dağlıq Qarabağ”ın dinc sakinlərinə qarşı 54 hücum həyata keçirib. Hücum zamanı 3 mülki şəxs həlak olub, 16 nəfər yaralanıb”.
N.Paşinyanın məlum fikri həqiqət deyil. Azərbaycan tərəfi heç vaxt separatçı bölgədə dinc əhaliyə qarşı atəş açmayıb.
“Azərbaycan tərəfi heç vaxt Qarabağda olan ermənilərə atəş açmayıb, bundan sonra da atəş açmayacaq”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ermənilərin belə fikirdə olması təbiidir: “Azərbaycan tərəfi heç vaxt Qarabağda olan ermənilərə atəş açmayıb. Bundan sonra da atəş açmayacaq. Azərbaycanın dövlət siyasəti ona yönəlib ki, Qarabağdakı dinc erməni sakinlər artıq Azərbaycan dövlətinə inteqrasiya olunsun. Danılmaz faktdır ki, bu gün bölgədə atəşkəsin pozulması faktı qeydə alınır. Bu da səbəbsiz deyil. Ermənistan tərəfi 2020-ci il 10 noyabr tarixində imzalanan bəyanatın tələbinə zidd olaraq Azərbaycan ərazisində saxladığı silahlı qüvvələr müxtəlif vaxtlarda atəş açıb, təxribat törədiblər. Onlar həm mülki vətəndaşlara, həm də hərbçilərə atəş açırlar. Azərbaycan tərəfi məhz onların təxribatına cavab vermək üçün atəş açır. Ancaq atılan bu atəş dinc sakinlərə qarşı yönəlmir. Azərbaycanın heç vaxt elə bir niyyəti olmayıb ki, dinc sakinləri silahla qorxutsun. Bu danılmaz faktdır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, N.Paşinyanın məlum paylaşımına reaksiya vermək, ona cavab vermək istəyərdi: “Ancaq Paşinyan məni blok etdiyi üçün mən onun paylaşımlarını görə bilmirəm. İstənilən halda Paşinyan paylaşımına görə cavab verməlidir ki, separatçı bölgədə dinc sakinlərə nə üçün atəş açılır. Onun məlum paylaşımı bir daha sübut edir ki, hər zaman olduğu kimi şər-böhtan atmaqla məşğuldurlar”.
Günel CƏLİLOVA