İstanbulu İstiqlal prospektində baş verən teraktın məsuliyyətini erməni ASALA terror təşkilatı öz üzərinə götürüb. Bu barədə erməni Teleqram kanalları məlumat yayıb.
Bəzən terror təşkilatları mövcudluqlarını göstərmək üçün aidiyyəti olmadığı halda teraktların məsuliyyətini üzərlərinə götürürlər. Buna görə də ASALA-nın İstanbul teraktının məsuliyyətini üzərinə götürməkdə nə dərəcədə həqiqəti dediyi şübhəlidir.
Sözügedən kanalda Azərbaycan da təhdid edilib və bildirilib ki, Bakı da “sürprizlərə” hazır olmalıdır.
Türkiyə mediası isə partlayıcı yerləşdirən qadının Ciyan Tosun adlı, 1985-ci il təvəllüdlü, kürd əsilli, diyarbəkirli qadın ola biləcəyi haqda məlumat yayıb. Bu isə terrorun arxasında PKK-nın durduğu ehtimalını gücləndirir.
Bu terror aktının Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının görüşündən sonra baş verməsi həmin proseslə əlqəli ola bilərmi?
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İstanbulda baş verən terror aktı terrorizmlə mübarizənin bir ölkənin problemi ola bilmədiyini bir daha göstərmiş oldu: “Terrorçuların kökünün kəsilməsi bütün dövlətlərin işidir. İsveçin, Finlandiyanın NATO - ya qəbulunda öz etirazını bildirən Türkiyə bu məsələlərdə nə qədər haqlıdır? Xüsusilə İsveçin kürd terrorçularını hələ də təhvil verməməsinin nə qədər yalnış olduğu bir daha sübut olundu. 6 ildir ki, İstanbulda belə terror hadisasi baş verməyib. Hadisədən dərhal sonra Türkiyənin daxili işlər naziri Süleyman Soylu terrorçular barədə ilkin məlumatları verdi. Təlimatın Suriyadan, Kobanidən gəldiyini, PKK, PYD - nin bu terroru törətdiyini açıq şəkildə bəyan etdi. Amerika Birləşmiş Ştatlarına qəti etirazını ünvanladı. Çünki həmin terrorçu təşkilatları yaşadan, onlara silah və maliyyə yardımları göstərən Amerikadır. Türkiyə daxili işlər naziri açıq şəkildə ABŞ-ı dırnaqarası müttəfiq adlandırdı. Terrorçu həbs olunub və qısa müddətdə terror aktının təfərruatı tamamilə ortaya çıxacaq. Hesab edirəm ki, erməni terrorçu təşkilatı ASALA- nın bu məsuliyyəti üzərinə götürməsi özünü bir daha gündəmə çıxarmaq cəhdindən başqa bir şey deyil. Bu məsuliyyəti öz üzərinə götürmə son illər çox böyük məğlubiyyətlər yaşamış və yaşamaqda davam edən erməni cəmiyyətinə cəsarət verməyə yönəlmiş bir addım kimi qiymətləndirilə bilər. Ancaq inanmıram ki, bu məsələdə onların hansısa iştirakı olsun. Xaraktercə qorxaq ermənilər həmişə terroru siyasi mübarizədə bir vasitə hesab ediblər, dəfələrlə terror aktları törədiblər. Ancaq bu terroru, məlumdur ki, PKK və PYD terrorçu təşkilatları törədib. Hadisənin Səmərqənddə keçirilən türk dövlətləri təşkilatının sammiti ilə əlaqəsi varmı? Güman etmirəm. Çünki sammit olmasa da kürd terrorçuları daim Türkiyəyə qarşı terror aktları hazırlamağa cəhdlər göstəriblər. Türkiyə daxili işlər nazirinin söylədiyinə görə, son dövrlər 200-ə yaxın terror aktının qarşısı alınıb. Planlayanlar da həbs olunublar. Çox təəssüf ki, Türkiyə uzun müddətdir terrorla tək vuruşur və müttəfiqləri bu məsələdə ona yardım etmirlər. Əksinə, terrorçuları öz ərazilərində gizlədib, onlara hər cür yardım göstərirlər. Ümid edək ki, bundan sonra həm İsveç Türkiyənin tələblərini sona kimi yerinə yetirə bilər, həm də ABŞ bu terrorçu təşkilatlara yardımını kəsər. Bütün dünya heç olmasa bu dəfə terroru və terrorçuları səmimi olaraq lənətləyər. Bu gün Türkiyədə, İstanbuıda baş verən sabah Parisdə, Vaşinqtonda və digər paytaxtlarda da təkrar oluna bilər. Bunu hamı nəzərə almalıdır”.
Məhəmmədəli QƏRİBLİ