Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi statusla qəbul edilməsi on illər öncə Kipr Türk Respublikasının elan olunması qədər önəmli hadisədir.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Şimali Kipr bu təşkilatda Macarıstan və Türkmənistanla bir sırada eyni status daşıyacaq. Böyük ehtimalla hansısa gələcəkdə Şimali Kipr bu təşkilatın Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan kimi üzvü statusunu alacaq... Bizim Prezident İlham Əliyev TDT-nin Səmərqənd zirvəsində dedi ki, Türk dünyası təkcə müstəqil Türk dövlətlərindən ibarət deyil. Yəni Türk dünyasında müstəqil dövlətə çevrilmək şansı olan "ocaqlar" hələ var. Türk Kipri onlardan biridir.
Bildiyim qədər, müstəqil dövlət kimi tanınana kimi hansısa beynəlxalq təşkilatda müşahidəçi statusu almış tək ölkə Fələstin olub.
Digər tərəfdən, hansısa beynəlxalq təşkilata tam üzv olana qədər müşahidəçi statusunu daşımış çoxlu sayda müstəqil dövlətlər göstərmək olar.
Deməyim odur ki, Şimali Kipr milyonlarla türkün qürur duymalı olduğu uğura yetişib.
Dünyanın səni müstəqil dövlət kimi tanıyacağına daha nə qaldı ki, YAVRU VƏTƏN KİPR... Uğurun mübarək!
Tahir TAĞIYEV