Ermənistan prezidenti 30 il ərzində işğal altında saxladıqları torpaqlarda dağıtdıqları, tövləyə çevirdikləri məscidlər barədə ağ yalan danışıb. Belə ki, Ermənistan prezidenti Vaaqn Xaçaturyan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflərinin 27-ci Konfransı çərçivəsində Livanın Baş naziri vəzifəsini icra edən Nəcib Mikati ilə görüşüb.
Xaçaturyan Livan Ermənistanın ərəb dünyasındakı köhnə dostlarından biri olduğunu bildirib. Xaçaturyan livanlı həmkarının diqqətini Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının bu yaxınlarda keçirilən 31-ci sammitindəki çıxışına yönəldib. Prezident İlham Əliyev həmin tədbirdə dağıdılmış məscidləri xatırladaraq, Qarabağ münaqişəsinin dini dözümsüzlüyün təzahürü olduğunu vurğulayıb. Xaçaturyan həyasızcasına Azərbaycan Prezidentinin dediklərini təkzib edib. İddia edib ki, guya həmin məscidlər işğal dövründə deyil, SSRİ dönəmində dağıdılıb: “Ermənistanın müsəlman dünyasında çoxlu dostları var. Və adıçəkilən məscidlərin dağıdılması Sovet İttifaqı dövrünə, dövlətin hər şeyi inkar edən siyasətinin davam etdiyi dövrə təsadüf edir. Ermənistan məscidləri dağıtmayıb”.
Öz növbəsində, Livanın Baş naziri utanmadan deyib ki, belə anlaşılmazlıqların qarşısını almaq üçün Ermənistan ərəb dövlətləri ilə münasibətləri daha da yaxınlaşdırmaq üçün səylərini gücləndirməlidir.
Həyasızlığın, riyakarlığın dərəcəsinə bax ki, Ermənistan Qarabağda vandalcasına dağıtdığı məscidlərin günahını SSRİ-nin üzərinə atır.
“Erməni cəmiyyəti elə düşünür ki, dünya onların “timsah göz yaşlarına” inanıb Azərbaycana qarşı...”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən Azərbaycan Kommunist Partiyası MK-nın sədri Rauf Qurbanov hesab edir ki, Ermənistanın istənilən dövlət rəsmilərinin Azərbaycanla bağlı söylədikləri fikirlərin hamsı qərəzli, şər-böhtan və təxribat xarakterlidir: “Ermənistan prezidenti Vaaqn Xacaturyanın da BMT-dəki tədbirdə Livanın Baş naziri vəzifəsini icra edən Nəcib Mikati ilə görüşündə Azərbaycanın 30 ilə yaxın bir dövrdə erməni işğalı altında olmuş Qarabağ bölgəsində məscidlərin dağıdılması və təhqir olunması ilə əlaqədar sərgilədiyi mövqe də elə həmin qəbildəndir. Erməni cəmiyyəti elə düşünür ki, dünya onların “timsah göz yaşlarına” inanıb Azərbaycana qarşı atdıqları hər hansı böhtanı qəbul edəcəkdir. Bununla da onlar beynəlxalq ictimaiyyəti və o cümlədən Ərəb dünyasını çaşdırmaqla öz çirkin niyyətlərinə nail olacaqlar. Lakin anlamırlar ki, dünyada hamı onlar kimi düşünmür. Ümumiyyətlə, belə mental dəyər və başqa xalqlara qarşı aqressiv davranış milli təxəyyülün xəstəliyindən irəli gəlir. Bu hal Ermənistan cəmiyyəti üçün çox ciddi bir problemdir. Hesab edirəm ki, müalicə olmasına əsaslı ehtiyac var. Qarabağ ərazisində məscidlərin, müqəddəs pirlərin, imamzadələrin, xanəgahların ermənilər tərəfindən dağıdılması və təhqir olunmasını özündə əks etdirən Azərbaycan tərəfindən təkbiz olunmayan yüzlərlə sənədli faktlar var. Azərbaycan Respublika Prokrorluğunda bu məsələ ilə əlaqədar cinayət işi aşılıb və hazırda araşdırmalar aparılır. Yaxşı olardı ki, V.Xaçaturyan Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının 31-ci sammitindəki çıxışına Azərbaycan Respublika Prokrorluğunda erməni vandalizmi ilə bağlı qaldırılmış cinayət işi ilə yaxından tanış olandan sonra münasibət bildirəydi”.
Partiya sədrinin fikrincə, onda hər şey ictimaiyyət üçün tam aydın olardı.
Vidadi ORDAHALLI