Noyabrın 10-da Səmərqənddə Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü olub. Həmin görüşdə hər iki dövlət başçısı çıxış edib. Görüşdə Azərbaycan-Özbəkistan münasibətlərində vacib olan qərarlardan biri verilib.
İki ölkənin regionları arasında əməkdaşlığın təşviqi məqsədilə bu ilin sonunda regionlararası forumun keçiriləcəyi qeyd olunub. Bu Forum çərçivəsində iki ölkənin bir sıra şəhərləri arasında qardaşlıq münasibətlərinin qurulması barədə anlaşmaların imzalanacağı müsbət hal kimi vurğulanıb. Bu tədbirlərin Azərbaycanla Özbəkistan arasında qardaşlıq münasibətlərinin inkişafına mühüm töhfə verəcəyi ifadə edilib.
Bu forum qərarını necə qiymətləndirmək olar? Qərar Azərbaycan-Özbəkistan birliyinin möhkəmlənməsinə necə təsir edəcək?
“...Forumlarla bağlı razılığın əldə edilməsi də qeyd edilən amilləri isbatlamaqdadır”
Forumun keçirilməsi barədə qərar qəbul edilməsinə münasibət bildirən “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşü çərçivəsində iki ölkə liderlərinin keçirdikləri ikitərəfli görüşləri, verilən qərarları yüksək qiymətləndirir. “Azərbaycan və Özbəkistan arasında son zamanlar daha da artan qarşılıqlı proseslər ilk növbədə ölkələrimiz arasındakı inam və etmadın, habelə strateji tərəfdaşlığın, əməkdaşlığın inkişafına öz münbit təsirlərini göstərməkdədir. Xüsusilə Özbəkistanın Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycanla daha sıx münasibətlər qurması bu reallıqları kifayət qədər əks etdirməkdədir”.
Onun sözlərinə görə, məhz ilk baxışdan da görmək mümkündür ki, qarşılıqlı səmimiyyət, qardaşlıq və dostluq bağları eyni zamanda türk birliyi faktorunu ehtiva edir: “Əbəs deyil ki, hər iki ölkənin regionları arasında mütəmadi tədbirlərin keçirilməsi, Forumlarla bağlı razılığın əldə edilməsi də qeyd edilən amilləri isbatlamaqdadır. Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevin Azərbaycan Prezidenti İlham Əliyevi qəbul edərkən ölkəmizi və xalqımızı Qarabağda Zəfər qazanmağımızın ikinci ildönümü münasibəti ilə təbrik etməsi, eləcə də Dövlət Bayrağı Günü, 12 noyabr Konstitusiya Günü ilə bağlı ürək sözlərini bildirməsi həm də belə deməyə əsas verir ki, Özbəkistan bütün məsələlərdə bilavasitə dost, qardaş Azərbaycanın yanındadır”.
B.Quliyevin fikrincə, o cümlədən, ölkələrimiz arasındakı strateji bağlılıq Prezident İlham Əliyevin bu ilin 7 ayı ərzində Özbəkistana üçüncü dəfə səfər etməsi reallığıdır. Bəhruz Quliyev əlavə etdi ki, Azərbaycan və Özbəkistan respublikalarının bu birliyi qarşıdakı illərdə daha geniş spektrda strateji əməkdaşlıq şəraitinə zəminlər yaradır və bu, ilk növbədə regionlarımızın tərəqqisinə, dövlətlərimizin güclənməsinə öz böyük töhfələrini verəcək: “Məsələn, əczaçılıq, energetika, ipəkçilik, pambıqçılıq, toxuculuq sahələrinə xüsusi diqqətin ayrılması ölkələrimiz arasındakı nailiyyətlərin nə qədər yüksək olduğunu sübut edir. Eyni zamanda, iki ölkənin regionları arasında əməkdaşlığın təşviqi məqsədilə bu ilin sonunda regionlararası forumun keçiriləcəyi barədə qərarın verilməsi də qarşıdakı perspektivləri müəyyənləşdirdi. Əbəs deyil ki, Forum çərçivəsində iki ölkənin bir sıra şəhərləri arasında qardaşlıq münasibətlərinin qurulması barədə anlaşmaların imzalanacağı həm İlham Əliyev, həm də Şavkat Mirzoyev tərəfindən müsbət hal kimi vurğulandı, bu tədbirlərin Azərbaycan ilə Özbəkistan arasında qardaşlıq münasibətlərinin inkişafına, davamına və möhkəmləndirilməsinə mühüm töhfə verəcəyi qeyd olundu”.
Ekspert vurğuladı ki, dövlət başçıları, həmçinin, iki ölkə arasında humanitar-mədəni sahədə əməkdaşlığın inkişafının əhəmiyyətini qeyd edərək, mədəniyyət qruplarının intensiv qastrol səfərlərinin təşkilinin vacibliyini bildirdilər.
İradə SARIYEVA