“Bizi indiki çərçivələrdə saxlayan Ermənistanın hansısa havadarının bəyanatı deyil, bizim öz siyasətimizdir”. Bunu Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə hərbçilər qarşısında çıxışı zamanı deyib.
Ölkə başçısının sözlərinə görə, biz heç kimdən qorxmuruq, heç kimdən çəkinmirik: “Əgər biz kimdənsə qorxsaydıq, heç vaxt İkinci Qarabağ müharibəsinə start verməzdik. Biz hər birimiz ölümə gedirdik, öldü var, döndü yoxdur, ya azadlıq, ya ölüm! İndi də ölümə getməyə hazırıq öz haqlarımızı tələb edərək. Çünki hələ də, - müharibə iki il bundan əvvəl başa çatsa da, - narahatedici məqamlar var”.
Bununla yanaşı, Prezident çıxışında Vardanyan kimi ünsürlərə və onları himayə edənlərə dolayı olaraq bu mesajı verdi: “İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək. Əgər orada kimsə – istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o bizim yumruğumuzu bir daha görəcək və son iki ilin tarixi bunu göstərdi”.
Maraqlıdır, əslində bununla Prezident kimi nəzrdə tutur, hansı məqamlara eyham vurdu?
“Kreml görür ki, əvvəlki separatçı ünsürlər artıq nəyəsə yaramır və ona görə də...”
Məsələyə münasibət bildirən AMİP sədri Arzuxan Əlizadənin sözlərinə görə, ölkə başçısı bununla bir sıra məqamlara öz qəti münasibətini bildirdi: “Əvvəla, bu o deməkdir ki, hər şey Azərbaycanın diqqətindədir. Hansı dövlətin olmasından asılı olmayaraq, Azərbaycan Qarabağla bağlı siyasətindən bir addım belə geri çəkilməyəcək. Bu mesajlar daha çox Rusiya və Fransaya ünvanlandı. Çünki son vaxtlar biz görürük ki, Rusiya Qarabağda erməni separatizmini yenidən dirçəltmək üçün müxtəlif fəaliyyətlərlə məşğuldur. Rusiyalı milyarder Ruben Vardanyanın Qarabağa göndərilməsi, separatçı qurumda onun “vəzifəyə” təyin olunması Moskvanın uzaq planlarından xəbər verir. Prezident bununla dedi ki, Azərbaycanın hər şeydən xəbəri var. Kreml görür ki, əvvəlki separatçı ünsürlər artıq nəyəsə yaramır və ona görə də Vardanyanın timsalında erməni separatçıları yenidən pərvazlandırmaq istəyir. Daha sonra həmin qüvvələri Qarabağda hakimiyyətə gətirmək istəyir. Prezident Əliyev mesaj verdi ki, Azərbaycan davamlı olaraq Ermənistanın nazı ilə oynamayacaq. Yəni Ermənistan öhdəliklərini yerinə yetirməsə, gərəkən addımlar atılacaq. O cümlədən, Fransanın açıq şəkildə Ermənistanın yanında olması və separatçıları himayə etməsi nəyisə dəyişə bilməyəcək”.
Vidadi ORDAHALLI