Prezident İlham Əliyev noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə hərbçilər qarşısında çıxışı zamanı deyib ki, İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək:
"Əgər orada kimsə – istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o bizim yumruğumuzu bir daha görəcək və son iki ilin tarixi bunu göstərdi. Hətta bu il “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr - bütün bunlar Ermənistan üçün dərs olmalıdır. Biz bu dərsi öyrədirik və ümid edirik ki, nəhayət, onlar bunu anlayacaqlar, boyunlarını büküb öz daxili işləri ilə məşğul olacaqlar, bizim torpağımıza göz dikməyəcəklər, Qarabağa göz dikməyəcəklər. Qarabağ bizim torpağımızdır. Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər".
Göründüyü kimi, İlham Əliyev rus sülhməramlılarının əbədi olaraq bizim ərazimizdə qalmayacağını və onlar üçün müddətin 2025-ci ilə qədər olduğunu nəzərə çatdırdı. Prezidentin çıxışının bu hissəsindən hansı nəticələri çıxara bilərik?
Hərbi-siyasi ekspert Emin Həsənli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 10 noyabr 2020-ci il bəyanatına əsasən, rus sülhməramlıları bizim ərazimizdə müvəqqəti yerləşib: “Həmin sənəddə bir maddə də Rusiya sülhməramlıları ilə bağlıdı. Təəssüflər olsun ki, onlar bir çox öhdəlikləri yerinə yetirmədi. Həmin öhdəliklərdən ən başlıcası bu idi ki, bütün erməni silahlıları Qarabağdan çıxarılmalıdır. Bundan sonra oralara bütün nəzarət Azərbaycan dövlətinin əlinə keçməliydi. Çünki həmin ərazini bütün dünya, o cümlədən də Rusiya bizimki kimi tanıyıb. Təəssüf ki, bu gün Xocalı və Xankəndidə bizim bayrağımız dalğalanmır. Rusiya nəinki erməni silahlılarının oradan çıxmasına dəstək vermir, hətta ora silahlar daşınır. Güya bayrağı simvolizə edən bir əski parçasının altında Arayik Arutunyanla görüşürlər. İlkin vaxtlarda sülhməramlıların nəzarəti altında olan ərazilərdə ermənilər bizə qarşı terror aktları törədirdi. Ümumiyyətlə, Rusiyanın bu ərazidəki sülhyaratma missiyası onun üçün son fürsətdir. Ukraynada itən imicini bərpa edib, dünyada bir sülhsevər ölkə olaraq özünü göstərmək istəyirsə, öhdəliyi yerinə yetirməlidir. Hər tərəf məsuliyyəti öz üzərinə götürür, ancaq əməl etmir. Belə olan təqdirdə sual yaranır: Rusiya Qarabağda sülh yaratmırsa, onda onun Qarabağda nə işi var? Hətta əksəriyyət istəyir ki, heç beş illik müddət tamam olmamış belə, Rusiya çıxıb oradan getsin. Azərbaycan öz qüvvələrinin hesabına oradakı təhlükəsizliyi tam təmin etmək gücünə sahibdir. Qarabağın həqiqi sakinləri olanlar qalıb bizim vətəndaşlarımız kimi orada yaşaya bilərlər. Hansı erməni bizim qanunlara tabe olmaq istəmirsə, gedib 50 kilometrlik məsafədə yerləşən Ermənistanda istədiyi kimi yaşaya bilər. Azərbaycan dövləti tez bir zamanda orada pasport kontrolu həyata keçirəcək. Biləcəyik ki, orada kimlər əvvəldən yaşayır, kimlər sonradan gəlib, hansı ermənilər bizə qarşı terror əməlləri törədiblər. Bunların hamısı dəqiq araşdırılacaq. Süni məskunlaşma məqsədilə gətirilən ermənilərlə də vidalaşılacaq. Biz öz qanunlarımıza hörmət tələb edirik. Rusiya sülhməramlılarının bu cür fəaliyyətinə görə mandatının müddətini uzatmağa gərək yoxdur. Rusiya ilə biz müttəfiqlik sazişi imzalamışıq. Həmin ölkə buna əməl etməlidir. Biz heç bir ölkəyə ərazi bütövlüyümüzü güzəştə getməyəcəyik. Bu iradəni heç kim dəyişə bilməz. Yaxşı olar ki, Rusiya bizimlə müttəfiqliyin ruhuna uyğun münasibətlər yaratsın”.
Məhəmmədəli QƏRİBLİ