Çox təəssüflər olsun ki, erməni yalanlarına şərik olanlar arasında “demokratiya”, “obyektivlik” kimi dəyərlərdən dəm vuranlara da təsadüf etmək olar. Uzun illərdir Qafqazda, daha dəqiq desək, Azərbaycan ərazilərində mifik “erməni irsi” düzüb-qoşan erməni alimləri və onların züy tutanları ortaya hər dəfə yeni iddia qoymağa çalışırlar. İndi də amerikalı tədqiqatçılar Azərbaycana iftiralar atmaqdadır.
Belə ki, amerikalı tədqiqatçılar Naxçıvandakı “erməni mədəni irsi”nin 98%-nin Azərbaycan tərəfindən “məhv edildiyini” iddia etməyə başlayıblar. “Hyperallergic Project” saytının məlumatına görə, Kornel Universiteti və Purdue Universitetinin alimlər qrupu tərəfindən bir il davam edən “araşdırma” nəticəsində guya Naxçıvan bölgəsində “erməni mədəni irsinin qəsdən məhv edilməsi” “aşkarlanıb” və onlar “sənədləşdirilib”. Bununla kifayətlənməyən ABŞ alimləri, üstəlik, Naxçıvanı da “tarixi erməni torpağı” kimi qələmə verməklə böyük saxtakarlığa yol veriblər.
Ermənilərin saxtalaşdırma kampaniyasına cani-dildən qoşulan obyektivlikdən uzaq, şərçi ABŞ təşkilatının yaydığı cəfəngiyatda iddia olunub ki, guya 1997-2011-ci illər arasında Naxçıvanda ən azı 108 “orta əsr” və “müasir” erməni monastrı, kilsə və qəbiristanlıqları Azərbaycan hökuməti tərəfindən tamamilə dağıdılıb və ya partladılıb”. Əlbəttə, bu, cəfəngiyatdan başqa bir şey deyil.
“Naxçıvan ərazisində hansısa bir erməni “irsi” axtarmağın özü gülüncdür”
Məsələyə şərh verən AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ABŞ alimlərindən ibarət araşdırma qrupunun məqsədi Azərbaycan dövləti ilə bağlı beynəlxalq aləmdə mənfi rəy yaratmaqdır. Bu kimi “tədqiqatçıların” əsasən erməni lobbisinin əlində oyuncaq olduğunu deyən Q.Hacıyevin fikrincə, onlar yalan, saxta məlumatlar yaymaqla erməniləri “yazıq, məzlum” kimi qələmə vermək istəyirlər. Naxçıvanda heç bir erməni irsi olmadığını vurğulayan Q.Hacıyev bildirdi ki, Naxçıvan ərazisində mövcud olan alban abidələrini ermənilər özlərinin abidələri kimi qələmə verirlər. “Bəzi amerikalı və avropalı tədqiqatçılar qeyri-obyektivlik edərək Azərbaycana qarşı əsassız iddialar irəli sürən ermənilərə dəstək olurlar. Əslində, ABŞ tədqiqatçıları gerçək tarixi sənədlər üzərində araşdırmalar aparmayıblar, ermənilərin tərtib etdiyi saxta mətnlərdən istifadə ediblər. Azərbaycan ərazisində heç zaman erməni irsi olmayıb. Naxçıvan tarixi Azərbaycan torpağıdır və burada qədim dövrlərdən ermənilər yaşamayıb. Naxçıvan hər zaman Azərbaycanın ayrılmaz parçası olub, bu gün də bu cürdür. Onu da qeyd edim ki, ermənilərin
təqdim etdiyi saxta mətnlərə amerikalı alimlərin "diqqətlə" yanaşmasının özü təəccüblüdür. Saxta mətnlərdən çıxış edərək, guya Naxçıvanda "erməni abidələrinin 98 faizinin" "məhv" edilməsi iddiasının irəli sürülməsinin özü onu göstərir ki, ABŞ-ın həmin alimləri obyektivlikdən uzaqdırlar. Naxçıvan ərazisində hansısa bir erməni “irsi” axtarmağın özü gülüncdür. Bu ərazilərə dünən gələn bir toplum özünə necə “qədim irs” yarada bilərdi? Naxçıvanda heç zaman erməni abidəsi, hansısa “mədəni irs” mövcud olmayıb. Məsələ burasındadır ki, deyilən məsələlərin hamısı yalandır. Ermənilərin heç bir qəbiristanlığı dağıdılmayıb, nə vandalizm törədilibsə, bunu onların özləri ediblər. Onlar özləri öz qəbiristanlıqlarını dağıdıblar ki, sabah Azərbaycana şər atsınlar. Biz bunu görmüşük. Digər tərəfdən də, ABŞ alimləri həqiqəti görmək istəyirlərsə, erməni yalanlarına şərik olmaqdan əl çəkib diqqətlərini bu tərəfə yönəltməlidirlər. Ermənilər Qarabağda, Kəlbəcərdə, Laçında, başqa ərazilərimizdə məzarlıqlarımızı vandalcasına dağıdıb, Qərbi Azərbaycandakı bizə məxsus irsi yer üzündən silib. ABŞ alimləri bundan danışsınlar”.
Q.Hacıyev bildirdi ki, ABŞ alimləri azad edilmiş Azərbaycan torpaqlarına və Ermənistana missiya göndərməsi üçün UNESCO-ya müraciət etməlidirlər, bu daha vacibdir, nəinki dünyanı çaşdırmaq üçün əl atılan saxtakarlıq. Erməni saxtakarlığına son qoyulması üçün dünyanın tanınmış tarixçilərinin də hərəkətə keçib obyektiv tədqiqatlar aparmasına ciddi ehtiyac olduğunu deyən Q.Hacıyev hesab edir ki, gec-tez ermənilərin iç üzü açılacaq.
İradə SARIYEVA