Prezident İlham Əliyev noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə hərbçilər qarşısında çıxışı zamanı deyib ki, Birinci Qarabağ müharibəsində məğlubiyyət labüd idi:
“Çünki antimilli hakimiyyət müharibədə qələbə qazana bilməz. İşğal dövründə Ermənistanın rəsmi təbliğatı, onların havadarlarının media resursları bir fikri bütün dünyaya, eyni zamanda, Azərbaycan xalqına bildirməyə çalışırdı ki, Azərbaycan öz ərazi bütövlüyünü heç vaxt müharibə yolu ilə bərpa edə bilməz. Beynəlxalq qurumların nümayəndələrinin, bu məsələ ilə məşğul olan ölkələrin vəzifəli şəxslərinin çıxışlarına baxmaq kifayətdir. Onlar neçə dəfə demişdilər ki, bu müharibənin, bu münaqişənin hərbi həlli yoxdur. Yəni birincisi, bizi inandırmağa çalışırdılar. İkincisi, bizi məsələni hərbi yolla həll etməkdən çəkindirməyə çalışırdılar. Biz də təbii ki, çalışırdıq bu məsələ sülh yolu ilə həll olunsun, ancaq həll olunsun. Amma biz görürdük ki, sadəcə olaraq, danışıqlar taktikası məsələnin dondurulmasına aparır və əlbəttə ki, bununla heç vaxt razı ola bilməzdik".
Prezident deyir antimilli hakimiyyətin müharibədə qalib gəlməsi mümkün deyil. Niyə? Siyasi şərhçi Sahil Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Prezidentin bu fikrində dərin məntiq var:
“Vətən müharibəsindəki qələbəmizin təməlində Prezident İlham Əliyevin ölkəmizin milli maraqlarını qətiyyətlə qoruması, Azərbaycan xalqının öz dövlətinə və rəhbərinə olan sarsılmaz inamı, ordumuzun gücü və qüdrəti və ümumilikdə dəmir birlik dayanırdı. Amma açıq etiraf etmək lazımdır ki, Birinci Qarabağ müharibəsi dövründə bu amillərin heç biri real deyildi. İlk növbədə ölkəyə rəhbərlik edən qüvvələr ayrı-arılıqda hərəsi bir xarici dairəyə xidmət edir, dövlətin və xalqın mənafeyini öz maraqlarına qurban verirdi. Xalqın sabaha olan inamı ölmüşdü. Ordu yox dərəcəsində idi. Başıpozuq silahlı dəstələr ölkədə xaos və anarxiya yaratmışdı. İqtisadi tənəzzül hökm sürürdü. Elə bu səbələrdən də, Prezident İlham Əliyevin dediyi kimi, müharibədə uğur qazanmaq, qələbə əldə etmək heç cür mümkün deyildi. AXC-Musavat hakimiyyəti ölkəni elə bir acınacaqlı duruma salmışdı ki, həmin illərdə nəinki cəbhədə hər hansı uğurdan söz açmaq, Azərbaycanın var olmasından danışmaq sual altında idi. Bu səbəblərdən biz 20 faiz torpaqlarımızı itirdik, xalqımız faciələrlə üzləşdi. Bu bir reallıqdır ki, ölkənin güclənməsi və qüdrətlənməsi, iqtisadi inkişaf, ordunun güclənməsi, beynəlxalq arenada nüfuz qazanması və bu kimi digər uğurları əldə etmək üçün ilk növbədə ölkəni idarə edən, hakimiyyətdə olan şəxslərin xalqın, milli maraqların müdafiəsini layiqincə yerinə yetirməsi vacib şərtdir. Necə ki, ulu öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən xalqın gücünə və ona olan inamına arxalanaraq Azərbaycanı xilas etdi, ölkəmiz hərtərəfli inkişaf mərhələsinə qədəm qoydu. Sonrakı illərdə bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin əsas prioriteti ölkəmizin və xalqımızın maraqlarını şərəflə qorumaq, Azərbaycanı sürətlə inkişaf etdirmək oldu. Bunun nətciəsi idi ki, həm siyasi, həm hərbi müstəvidə güclənən dövlətimiz Qarabağ Zəfərini qazandı. Bu təkcə düşmən Ermnənistan üzərində deyil, onları dəstəkləyən əksər beynəlxalq dairələr üzərində qələbə idi. Qarabağ Zəfərinin miqyası bu baxımdan çox böyükdür”.
Məhəmmədəli QƏRİBLİ