İranda Məhsa Əmininin hicab taxmadığına görə öldürülməsi ilə başlayan və təxminən iki aydır davam edən etiraz aksiyalarında ölənlərin sayı günü-gündən artır. İran İnsan Haqları Təşkilatının (İHR) ölkənin 31 əyalətindən 22-si ilə bağlı rəqəmlərin yer aldığı hesabatında ən çox itkilərin Sistan-Bəlucistan, Mazandaran, Tehran, Kürdüstan və Gilan əyalətlərində baş verdiyi bildirilir.
Hesabatda Sistan-Bəlucistan əyalətində 118, Mazandaranda 33, Tehranda 30, Kürdüstanda 26, Gilanda 22, Qərbi Azərbaycanda 21, Kirmanşahda 13, Elborzda 9, Xorasan-ı Rezevi və İsfahanda 4, Loristan, Merkezi, Qəzvin, Kohgiluyə və Boyer-Əhməd, Şərqi Azərbaycan, Ərdəbil, İylam, Xuzistan və Həmədanda hər birində 2 nümayişçi, Buşehr və Simnanda isə bir nümayişçi həlak olub, ölənlərin ümumi sayı 304-ə çatıb.
Hesabatda öldürülən nümayişçilərdən 41-nin 18 yaşdan kiçik, 24-nün qadın olduğu bildirilib.
İranda baş verən hadisələr dünyanın gündəmində olsa da, uşaqların öldürülməsi məsələsi nədənsə sakitliklə qarşılanır.
Maraqlıdır, beynəlxalq təşkilatlar İranda uşaqların öldürülməsi məsələsinə lazımi reaksiya verirmi?
“İranda baş verənlərə biganə yanaşmaq qəbuledilməzdir, eyni zamanda da bağışlanmazdır”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, İranda baş verən hadisələr dünyanın diqqət mərkəzindədir. Sadəcə, beynəlxalq təşkilatlar bu məsələdə qərarlı olmağı gözləyir: “Azərbaycan tərəfi qonşu ölkədə baş verən hadisələri yaxından izləyir. Hesab edirəm ki, Azərbaycan ictimai rəyi dünyanın bütün ölkələri ilə müqayisədə daha maraqlı və qətiyyətlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan tərəfi bu məsələdə dünya ölkələri ilə müqayisədə daha həssasdır. Çünki güney Azərbaycanda baş verən hadisələr bizi də narahat edir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Ukrayna hadisələri zamanı dünyanın, Qərb ölkələrinin səfərbər olması fonunda İrandakı fars-molla rejiminin güneyli soydaşlarımıza qarşı törətdiyi hərəkətlərə yumşaq yanaşılmamalıdır.
Siyasi şərhçi hesab edir ki, İrana qarşı daha sərt tədbirlər görülməlidir. Ümumiyyətlə, həmin ölkədə vətəndaşların öz azadlığına qovuşması üçün dünyanın aparıcı dövlətləri düyməyə basmalıdır: “Yəni elə bir mərhələyə gəlib çatmışıq ki, bu dövrdə İranda baş verənlərə biganə yanaşmaq qəbuledilməzdir, eyni zamanda da bağışlanmazdır. Nəzərə almaq lazımdır ki, bu ölkədə dinc insanlar öldürülür. Həmçinin, İran parlamentinin məlum hadisələr zamanı həbs edilənlərin edam edilməsi ilə bağlı qərar çıxaracağı gözlənilir. Belə bir şəraitdə beynəlxalq təşkilatların İranda baş verən hadisələri susqunluqla izləməsi düzgün deyil”.
Günel CƏLİLOVA