Prezident İlham Əliyev noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə hərbçilər qarşısında çıxışı zamanı belə bir sual verib: erməni silahlı qüvvələri Qarabağda nə gəzir?
Prezident deyib ki, bizim səbrimiz tükənməz deyil: “ Bir daha xəbərdarlıq etmək istəyirəm, əgər bu öhdəlik yerinə yetirilməsə, Azərbaycan lazımi addımlar atacaq. Bütün beynəlxalq razılaşmalara həmişə hörmətlə yanaşırıq. Biz ədalətli insanlarıq və ədalətli ölkəyik. Əgər biz hansısa öhdəliyi öz üzərimizə götürmüşüksə, onu yerinə yetiririk. Biz 2020-ci ilin 10 noyabr Bəyanatında üzərimizə götürdüyümüz bütün öhdəlikləri yerinə yetiririk, iki ildir ki, yerinə yetiririk, amma Ermənistan yerinə yetirir? Yox! İkinci Qarabağ müharibəsindən dərhal sonra, sadəcə olaraq, o qədər qorxu içində idi ki, təbii, o müddəaları yerinə yetirmişdir və bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında olan əraziləri bizə qaytarıldı. Əgər qaytarmasaydı, yenə də başlarını əzəcəkdik. Amma ondan sonra? Ondan sonra yenə vaxt uzatmağa başladı. Mən bir daha demək istəyirəm, o öhdəlik hələ tam yerinə yetirilməyib. Erməni silahlı qüvvələri Qarabağda nə gəzir? Bizim səbrimiz tükənməz deyil və bir daha xəbərdarlıq etmək istəyirəm, əgər bu öhdəlik yerinə yetirilməsə, Azərbaycan lazımi addımlar atacaq".
Ermənistan Prezidentin bu xəbərdarlığından da nəticə çıxarmasa nə baş verəcək?
“Nəticə çıxarılmasa, Azərbaycan öz suveren ərazilərində antiterror əməliyyatı keçirməyə məcbur olacaq”
Hərbi-siyasi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan bu məsələ ilə bağlı dəfələrlə tələblərini irəli sürüb: “10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb. Bu öhdəliklər orada açıq-aydın göstərilir. Onlardan biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır. Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Biz dəfələrlə məsələ qaldırmışdıq, ancaq Ermənistan bunu uzadır. Hətta bu mövzu ilə bağlı bir neçə ay əvvəl Prezident tərəfindən də detallı şəkildə içtimaiyyətə açıqlama verildi. Prezident dedi ki, hətta yüksək çinli rus hərbçisi bununla bağlı üzərinə öhdəlik də götürüb, ancaq deyilən vaxt keçsə də, ortada nəticə yoxdur. Gəlin məsələyə bir qədər məntiqi aspektdən yanaşaq. Hər halda, Prezidentin bəhs etdiyi rus hərbçisi geniş səlahiyyətlərə malik bir adam olub ki, belə məsuliyyəti üzərinə götürüb. Digər tərəfdən, həmin hərbçi Rusiyanın ən ali rəhbərliyi ilə razılaşmadan belə məsuliyyətin altına girə bilməz. Onda bu nəticəyə gəlirik ki, siyasi manevr adı ilə cığallıq edən yenə Ermənistandır. Əslində, Rusiya öz sülhməramlılarını regiona gətirməklə öz istəyinə nail olub. Bununla Ermənistan həm də Rusiyanı bir vasitəçi olaraq pis vəziyyətdə qoyur. İlham Əliyevin bu narazılıqlarını artıq konkret xəbərdarlıq tonunda Ermənistanın diqqətinə çatdırması təsadüfi deyil. Artıq məsələ çox uzanır. Nəticə çıxarılmasa, Azərbaycan öz suveren ərazilərində antiterror əməliyyatı keçirməyə məcbur olacaq. Bunu etməyə bizim həm hüququmuz, həm də gücümüz çatır”.
Məhəmmədəli QƏRİBLİ