ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşdə danışıqları sürətləndirmək barədə razılığa gəldiyini açıqlayıb.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Vaşinqtonda aparılan danışıqları şərh edərkən ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
Xarici işlər nazirlərinin danışıqları sürətləndirməyə razılaşdıqlarını deyən N.Prays "Dünən hər iki tərəfin görüşü müsbət keçib, fikir ayrılıqlarının çoxunu üzə çıxarıblar, günün sonunda birgə bəyanatla razılaşıblar" - deyə bildirib.
Departament sözçüsü qeyd edib ki, tərəflər növbəti həftələrdə görüşü birbaşa dialoq yolu ilə davam etdirmək barədə razılığa gəliblər.
Tahir TAĞIYEV