“Ermənistan Azərbaycandan keçən rabitə və kommunikasiya vasitələrindən, məsələn, malların daşınması məqsədilə istifadə etməkdə maraqlıdır”. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin 10-cu iclasındakı çıxışı zamanı deyib.
A.Qriqoryan qeyd edib ki, İrəvan regionda kommunikasiyaların açılması məsələsinin real həllində maraqlıdır, eləcə də Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin birgə sədrlik etdiyi üçtərəfli işçi qrupun fəaliyyətini dəstəkləyir: “Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq üçün səylər göstərir. Bu prosesdə MDB və BMT-nin fundamental sənədlərinə, eləcə də dövlətlərin bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərinin toxunulmazlığını tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə mühüm rol verilir”.
Görünən odur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünün tanınması istiqamətində növbəti rəsmi addım atdı. Hər halda hiss olunur ki, kommunikasiya məsələləri bu istiqamətdə Ermənistanı müəyyən addımlar atmağa məcbur edir.
“Biz Ermənistanı məcbur etməliyik ki, Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanısın”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun fikrincə, biz bu kimi məsələlərə son dərəcə ehtiyatlı və diqqətli yanaşmalıyıq: “Əvvəla, son dövrlər Ermənistan Qarabağ məsələsini iki ölkə arasında imzalanacaq sülh sazişindən ayırmaq istəyir. Hesab edirlər ki, Qarabağda Rusiya sülhməramlıları olduğu üçün bu məsələdə əsas məsuliyyət Moskvanın üzərinə düşür. Paşinyan hakimiyyətinin istəyi odur ki, Türkiyə və Azərbaycanla sərhədlər, yollar açılsın. Biz bir şeyi unutmamalıyıq ki, Ermənistan rəsmiləri 1991-ci ildə qəbul olunan Alma-Ata Bəyannaməsi deyərkən Qarabağı ora aid etmirlər. Bəyan edirlər ki, 1991-ci ilin oktyabrında Azərbaycan öz müstəqilliyini bərpa edəndə Qarabağ separatçıları artıq öz “müstəqilliyini” elan etmişdilər. Guya ki, Qarabağın Azərbaycanın ərazi bütövlüyünə aidiyyəti yoxdur. Ona görə də hesab edirəm ki, Ermənistan rəsmilərinin hər dediyinə ciddi yanaşmaq olmaz. Biz Ermənistanı məcbur etməliyik ki, Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanısın. Yalnız o zaman müəyyən qədər arxayın olmaq olar. Yoxsa, onlara etibar etmək olmaz”.
Vidadi ORDAHALLI