İranda “əxlaq polisi” kimi tanınan İrşad patrulları tərəfindən saxlanıldıqdan sonra döyülərək öldürülən 22 yaşlı Məhsa Eminin ölümündən bu tərəfə başlayan etirazlar davam edir. Mahsa Eminin ölümü dünyada böyük əks-səda doğurub.
ABŞ prezidenti Bayden Konqres aralıq seçkiləri öncəsi Kaliforniyada Demokrat Partiyasının tədbirində çıxışında İrandakı nümayişlərinə toxunub.
Bayden “Narahat olmayın, biz İranı azad edəcəyik. Onlar özlərini tezliklə azad edəcəklər” deyib. Bayden məsələ ilə bağlı əlavə şərh verməyib.
ABŞ prezidenti Baydenin Kaliforniya ştatındakı çıxışında istifadə etdiyi ifadələrə işarə edən İran prezidenti İbrahim Rəisi deyib: “ABŞ prezidentinin bir neçə saat əvvəl bir açıqlama verdiyini öyrəndim, bəlkə diqqəti dağıldığı üçün. O, “İranı azad etmək məqsədimiz var” dedi. İran 43 il bundan əvvəl azad edilib və sizin əsarətinizə düşməməkdə qərarlıdır”.
Çıxışında gənc qadının polis nəzarətində ölməsindən sonra ölkədə başlayan və təxminən 50 gündür davam edən etirazlara toxunan Rəisi nümayişçiləri “bəzi aldadılmış insanlar” və ya “vətən xaini” adlandırıb.
Çoxlu sayda insanın həyatını itirdiyi hadisələrə görə ABŞ-ın məsuliyyət daşıdığını deyən Rəisi bildirib: “Düşmən bu gün milli birliyimizi, təhlükəsizliyimizi, sülhümüzü və gücümüzü hədəf alıb. Biz ayıq və tədbirli olmalıyıq. Bu gün üsyanda olan hər kəs düşmənin strategiyasına uyğun hərəkət edir”.
Bayden biz İranı azad edəcəyik deyəndə nəyi nəzərdə tutur: rejim dəyişikliyini, yoxsa, millətlərin müstəqil dövlət qura biləcəyini?
Müstəqil siyasətçi Bünyamin Qəmbərli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İrandakı molla rejiminin dəyişməsini yalnız ABŞ istəmir: “İran adlanan ölkədəki molla rejiminin dəyişməsi üçün: İsrail, Səudiyyə Ərəbistanı da əlindən gələn nə varsa edir. Düzdür, İrandakı son proseslər daxili problemlərdən qaynaqlanıb. Əsasən sosial-iqtisadi problemlərin bazasında edilən etirazlar, sonra insan haqlarına dair tələblər gedib çıxdı. Hazırda isə həmin ölkədə etnik, milli haqların pozulmasına dair etirazlar daha çox eşidilir. Hazırda etirazlar demək olar ki, bütün İranı əhatə edir. ABŞ və Qərb bu proseslərin ciddi davam edəcəyinə o qədər də inanmadıqları üçün, əvvəl loyal və susqun qaldılar. Sonra gördülər ki, proseslər davamlı hal alır, münasibət bildirdilər, hətta etirazçılara dəstəklərini belə ifadə etdilər. Qərbin əsas prinsipləri budur ki, milli və insan haqları heç bir ölkənin daxili işi ola bilməz. ABŞ-da özünü demokratiyanın öncülü elan etdiyi səbəbindən, belə hallara qarşı laqeyd qala bilməz. ABŞ prezidentinin “biz İranı azad edəcəyik” fikiri sadəcə rejim dəyişikliyini nəzərdə tutur. Gedən proseslər, oradakı xalqların soy kökü ilə bağlı olduqları dövlətlərin təsiri vəziyyəti kökündən dəyişə bilər. Ərəb ölkələrinin təsiri ilə İrandakı ərəblərin müstəqilliyi məsələsi ortaya çıxa bilər. ABŞ üçün İran kürdlərinə müstəqil ölkə qurmaq planı daha prioritetdir. Azərbaycan və Türkiyənin dəstəyi ilə oradakı milli qüvvələrin daha da oyanması ABŞ-ı planlarına korrektələr etməyə sövq edə bilər. İndiki halda ABŞ konkret olaraq molla rejiminin dəyişməsini nəzərdə tutur. Proseslər gücləndikcə, ABŞ İranın azad edilməsi ilə bağlı planlarına ciddi dəyişikliklər edəcək”.
Məhəmmədəli QƏRİBLİ