“Azərbaycan icması ilə Qarabağ erməniləri arasında əlaqələr mövcuddur”. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, tərəflər arasında müəyyən təmaslar mövcuddur: “Soçi və Praqada daha çox Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi müzakirə olunub. Soçidə, Praqada və başqa yerlərdə Ermənistan hakimiyyəti davamlı olaraq Qarabağ xalqının taleyini və başqa hər şeyi onların nümayəndələrinin iştirakı ilə müzakirə etməli olduğunu deyib və bundan sonra da deyəcək. Azərbaycan ritorikasına baxırsınızsa, onlar bu danışıqları öz vətəndaşları ilə söhbət kimi qiymətləndirirlər. Bunu da məhz belə şərh edirlər, vətəndaşları ilə danışıq aparacaqlarını deyirlər. Amma bu söhbətlər, təmaslar mövcuddur. Mən bu əlaqələrin mövcud olduğunu təsdiq edirəm”.
Bir müddət əvvəl Prezident İlham Əliyev də Qarabağdakı ermənilərlə təmasların olmasına eyham vurdi. Simonyanın açıqlaması onu göstərir ki, Ermənistan Qarabağ ermənilərinə Azərbaycanın öz vətəndaşı kimi baxması reallığı ilə barışmaq zorundadır.
“Sadəcə, İrəvan Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması naminə belə mesajlar verir”
Məsələyə münasibət bildirən Yeni Yol Partiyasının sədri Ramil Hüseynovun fikrincə, Simonyanın bu açıqlaması müəyyən məsələlərə hesablanıb: “Əvvəla, ermənilər məkirli bir millət olduqlarına görə, heç vaxt onlara etibar etmək olmaz. Hakimiyyətdə kimin olmasından asılı olmayaraq onlara inanmaq olmaz. Çünki onlar xəstə bir toplumdular. Simonyanın açıqlaması o demək deyil ki, Ermənistan birdəfəlik Qarabağdan əl çəkmək istəyir. Qətiyyən bu, belə deyil. Düzdür, şanlı Vətən müharibəsində qələbəmiz Ermənistanın Qarabağla bağlı işğalçı siyasətinə güclü zərbə oldu. Ərazilərin böyük hissəsi azad edildi. Qarşı tərəf yaxşı bilir ki, Ermənistan hərbi baxımdan Azərbaycanın qarşısında duruş gətirə bilməz. Sadəcə, İrəvan Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması naminə belə mesajlar verir. Çünki vəziyyətin belə davam etməsi Ermənistan iqtisadiyyatını təcrid vəziyyətində saxlayır. Paşinyan hakimiyyəti düşünür ki, Qarabağda Rusiya sülhməramlıları olduğuna görə, separatçıların praktiki baxımdan qorunmasına Moskva cavabdehdir. Rəsmi İrəvan istəyir ki, Qarabağsız Azərbaycanla sülh sazişi imzalansın, ərazi bütövlüyümüz tanınsın. Qarabağ məsələsi sonrakı mərhələyə qalsıın. Hesab edirəm ki, bu varianta getmək olmaz. Ona görə də Alen Simonyan və digər erməni rəsmilərin səsləndirdiyi fikirlərə inanmaq olmaz. Azərbaycan Qarabağ erməniləri ilə təmasları genişləndirməklə, bütün vasitələrlə çalışmalıdır ki, dövlətimizin Xankəndi və digər yaşayış məntəqələrinə nəzarəti bərpa olunsun”.
Partiya sədri onu da əlavə etdi ki, dövlətimiz bununla bağlı bütün resurslarını işə salmalıdır.
Vidadi ORDAHALLI