Xarici İşlər Nazirliyinin xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, yaxın günlərdə Vaşinqton şəhərində Amerika Birləşmiş Ştatları dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüşün keçirilməsi planlaşdırılır.
Onun sözlərinə görə, Azərbaycan tərəfinin bu kimi görüşlərin keçirilməsi ilə əlaqədar açıqlamanın verilməsinə dair yanaşması ondan ibarətdir ki, bu barədə ilk elan bir qayda olaraq görüşə ev sahibliyi edən ölkə tərəfindən verilməlidir.
Qeyd edək ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı yaxın günlərdə Vaşinqton şəhərində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken ilə üçtərəfli görüşün keçiriləcəyini bildirib.
Sanki Rusiya, Avropa Birliyi və ABŞ arasında vasitəçilik mübarizəsi gedir. Belə rəqabət sülh sazişinin imzalanmasını tormuzlayır, yoxsa, həmin prosesə təkan verir?
Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə bildirdi ki, digər iki tərəfin fəallığı heç də Rusiyadan az deyil: “Blinkenin Qarabağ mövzusunda aktivliyi isə heç də Lavrovdan az nəzərə çarpmır. ABŞ bütün məsələlərdə Rusiya ilə mübarizəyə qoşulub. Təkcə Ukrayna-Rusiya cəbhəsində deyil, həm də Cənubi Qafqazda ciddi dirəniş göstərir. ABŞ maraqlıdır ki, Azərbaycanla Ermənistan arasında tez bir zamanda sülh müqaviləsi bağlanılsın. Əslində, ABŞ-ın təklifləri daha korrektdir. Ancaq bizim üçün nə Rusiyanın, nə də ABŞ-ın təklifləri tam olaraq maraqlarımıza cavab vermir. ABŞ-ın mövqeyində Azərbaycanın ərazi bütövlüyü daha yaxşı təsbit edilir. Orda da ermənilərə Qarabağda bir muxtəriyyət modeli təklif edilir. Cənubi Qafqazdakı Rusiya-ABŞ rəqabəti daha da gərgin fazata keçib. Bu, rəqabətin müsbət tərəfi odur ki, sülh sazişinin imzalamasına təkan vermiş olacaq. Artıq Rusiya anlayır ki, ya sülh sazişi imzanmalıdır, ya da müharibə olmalıdır. Bunun olmaması üçün , Rusiyanın özü sülh sazişinin imzalanmasına maraq göstərməyə başlayır. Təbiidir ki, öz maraqlarının təmin edilməsi şərti ilə. Belə olanda, Vaşinqton və Brüsel də fəallaşır. Tez-tez görüşlər keçirilir. Azərbaycan bu rəqabətdən maksimum istifadə etməlidir ki, irəli sürdüyü 5 şərti Ermənistan qəbul etsin. Unutmayaq ki, Qarabağ məsələsində ABŞ və Rusiyanın maqları üst-üstə düşür. Çünki hər iki ölkə Qarabağdakı erməni faktorunun qalıcı olmasına çalışır”.
Politoloq hesab edir ki, Ermənistan bu rəqabətdə oynamağa çalışır və özünün maraqlarını gündəmdə saxlayır: “Bizim mövqeyimiz sabitdi. Onların prosesi çox da uzada bilməyəcək. Çünki artıq bıçaq sümüyə dirənib. Bizim bundan artıq gözləmıyə səbrimiz çatmır. Kim vasitəçikik edirsə-etsin, Ermənistan təcili şəkildə silahlılarını Qarabağdan çıxarmalı, orada qalan ermənilər bizim qanunlara tabe olmalıdır. Belə olarsa, vətəndaşlarımız kimi Qarabağda yaşaya bilərlər. Əks təqdirdə, heç bir vasitəçi onlara kömək edə bilməyəcək”.
Məhəmmədəli QƏRİBLİ