“Biz “marşrut” terminindən istifadə edirik. Soçidə keçirilən sammitdə regionda nəqliyyat əlaqələrinin açılması problemi müzakirə olunub”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı jurnalistin Zəngəzur dəhlizinin təşkili səyləri ilə bağlı sualını cavablandırarkən deyib.
Zaxarova qeyd edib ki, bu istiqamətdə işlər davam etdiriləcək: “Bu istiqamətdə işlər 3 ölkənin baş nazir müavinlərinin həmsədrlik etdiyi işçi qrup səviyyəsində davam etdiriləcək. Əslində, liderlərin 2021-ci il 11 yanvar tarixli bəyanatında da müəyyən edildiyi kimi”.
Göründüyü kimi, erməni mediasında məsələni elə qələmə verirlər ki, guya Rusiya Zəngəzurda dəhliz məsələsinin əleyhinədir. Guya Rusiya da burada ancaq marşrut deyir. Halbuki, Putin verdiyi açıqlamalarının birində dəhliz ifadəsini işlədib.
O baxımdan, erməni tərəfinin bu iddialar nə dərəcədə həqiqətə uyğundur? Ermənilərin Zaxarovanın açıqlamasından sui-istifadə edərək məsələni yanlış şəkildə təqddim etməsinə Rusiyadan hansı reaksiya olmalıdır?
“Hesab etmirəm ki, Rusiya Zəngəzur dəhlizinin açılmasının əleyhinə olsun”
Məsələyə münasibət bildirən politoloq Tural İsmayilov erməni mediasının “imitasiyasına” bir neçə aspektdən yanaşdı: “Erməni tərəfi zaman-zaman bir sıra məsələləri təhrif edir. Hesab etmirəm ki, Rusiya Zəngəzur dəhlizinin açılmasının əleyhinə olsun. Çünki regionda kommunikasiyaların açılması Rusiyanın özünün iqtisadi manevr imkanlarını genişləndirir. Həmçinin, nəzərə almaq lazımdır ki, kommunikasiyaların açılması Rusiyanın siyasi nüfuzunun artmasına xidmət edir. Nəzərə almaq lazımdır ki, Ukrayyna müharibəsindən sonra Rusiya ciddi sanksiyalar altındadır. Özü də sanksiyaların müddəti uzundur. Bunun davamlı olacağı ilə bağlı müxtəlif açıqlamalar verilir. Sanksiyaların davamlı olması Rusiya iqtisadiyyatının zəifləməsinə səbəb olur. Ona görə də bütün hallarda kommunikasiya xəttlərinin açılması, yeni nəqliyyat xəttlərinin formalaşması, daha rentabelli və ucuz qiymətə daşımaların optimallaşdırılması deməkdir. Bu səbəbdən Ermənistan tərəfinin Rusiya ilə bağlı açıqlaması manipulyativ xarakterlidir. Hesab edirəm ki, bunlar erməni cəmiyyətini aldadır. Bütövlükdə, Ermənistanın Rusiyanın kommunikasiya xəttlərinə qarşı olmağı ilə bağlı formalaşdırdığı gündəm, Rusiyanın əleyhinədir. Həmçinin, Rusiyanı Qərbdə gözdən salmağa hesablanmış addım sayılmalıdır. Ona görə də Rusiya bu məsələdə kəskin mövqe ortaya qoymalıdır. Son dövrlər Rusiyanın Ermənistana etirazları kifayıət qədər artıb. Ancaq bu, bizi əsla qane edə bilməz. Xüsusən də regional məsələlərlə bağlı Ermənistanın Rusiyanın adından şərh verməyə çalışmasına Moskva gərəkən reaksiyanı verməlidir”.
Bir sözlə, politoloq hesab edir ki, sözügedən məsələ ilə bağlı Rusiyanın konkret mövqeyi olmalıdır.
Vidadi ORDAHALLI