Artıq iki aya yaxındır ki, İranda kütləvi etiraz aksiyaları səngimir. Bu ölkənin hər şəhərində, xüsusən də Cənubi Azərbaycanda və onun şəhərlərində bu aksiyalar günü-gündən daha da geniş miqyas alır.
Sirr deyil ki, artıq Cənubi Azərbaycanda yenidən milli azadlıq hərəkatı başlayıb və hərəkat hər gün daha da böyüyür, əhatəsini genişləndirir. Molla rejimin zülmündən, anti-azərbaycanlı, anti-türk siyasətindən cana doyaraq meydanlara axışıblar. Bu gün Cənubi azərbaycanlıların səsi bütün dünyaya yayılır. Yeri gəlmişkən vurğulayaq ki, son zamanlar Azərbaycan-İran münasibətlərinin gərginləşməsi fonunda Cənubi Azərbaycanda yaşayan soydaşlarımız maraqlı aksiyaya başlayıblar.
Mətbuat xəbər verir ki, Təbriz, Ərdəbil və digər şəhərlərdə küçələrə Azərbaycan Prezidenti İlham Əliyevin fotosu olan posterlərin vurulması sosial şəbəkələrin Azərbaycan seqmentində müzakirələrə səbəb olub. Fotonun üzərində isə “Güney Azərbaycan sizin arxanızdadır, cənab Prezident” yazısı qeyd olunub.
Diqqəti çəkən nüanslardan biri fotoda olan yazının farsca deyil, məhz əski Azərbaycan əlifbası ilə yazılması olub.
Qeyd edək ki, artıq Azərbaycan Televiziyasının rəsmi feysbuk hesabında da bununla bağlı paylaşım edilib.
Mövzuya şərh verən siyasi ekspert Rövşən Rəsulov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ümumiyyətlə son zamanlar Təbrizdə, Ərdəbildə, Zəncanda, bu gün İran adlanan dövlətin içində yaşayan azərbaycanlılar arasında ciddi oyanışın qayəsi milli hökumət qurmaq, Cənubi Azərbaycanın haqq işini ifadə etməkdir. Deyərdim ki, bu Cənubi Azərbaycan uğurunda milli azadlıq mübarizəsinin yenidən başlanmasıdır. Bu mübarizənin əsasında dayanan tarixi amillərə varmaq istəmirəm, çünki bu barədə hər kəs bilir. Yəni hər kəsə gün kimi aydındır ki, bizim bütöv Azərbaycanımız zamanında farslar və Rusiya imperiyası tərəfindən parçalanıb. Bu parçalanmanın nəticəsində bizim millətimiz, bizim xalqımız bir-birindən ayrı düşüb və sair. Bütün bunlar faktdır, tarixdir, arxivlərimizdə də mövcuddur. Lakin artıq 50 günə yaxındır ki, İran adlı ölkədə fars şovnizmi, fars mollakratiyası tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən represiyalar, soydaşlarımıza göstərilən amansız münasibət nəticədə bu kimi qiyamın, üsyanın, daha dəqiq desək, milli azadlıq hərəkatının canlanmasına səbəb oldu. Düzdür, proses əsasən qadın azadlığı uğurunda mübarizə ilə başladı, hicabdan çıxmaq, azad yaşam tərzi və sair kimi məsələlər səsləndirildi. Müasir dünyamızda tələb edilən bir haldır və onu hər kəs anlayır. Lakin məsələ ondadır ki, teokrat bir ölkə olan İranda islam pərdəsi altında min-bir oyunlardan çıxılır. Fakt budur ki, bu gün Tehran rejiminin baş mollalarının nəvələri, nəticələri, oğulları, qızları xarici ölkələrdə istədikləri həyatı yaşayırlar, pulları, paraları var, keyf-damaq içində yaşayırlar. Lakin onların İrandakı ata-babaları, əmmaməlilər faktiki olaraq bu ölkədə yaşayan xalqları əzirlər, represiyaya məruz qoyurlar. Onların içində ən böyük xalq 35-40 milyonluq Azərbaycan türkləridir. Azərbaycanlılara qarşı təhqir, təzyiq siyasəti son ucda milli azadlıq mübarizəsi ilə nəticələnməli idi. Güney Azərbaycanın azadlığı uğurunda mübarizəsinin arxasında dayanan əsas ideya, məqsəd o taylı, bu taylı Azərbaycanın birləşməsidir. Düzdür, indi Cənubi Azərbaycan Milli Hökumətinin qurulması tendensiyası yaranıb. Bu prosesin də sonrakı addımı Azərbaycanımızın bütövləşməsidir”.
R.Rəsulovun sözlərinə görə, etiraf etməliyik ki, parçalanmış Azərbaycan nə zamansa birləşməlidir. Cənubi Azərbaycanın hər şəhərində Azərbaycan Prezidentinin fotosu olan posterlərin vurulmasına gəlincə, R.Rəsulov vurğuladı ki, bu tamamilə anlaşılandır: “Azərbaycan Prezidentinin fotosu olan posterlərin qurulması və Azərbaycan dilində “Güney Azərbaycan sizin arxanızdadır, cənab Prezident” şüarlarının yazılması başa düşülən məntiqdir. Onlar bununla bu tayda olan Azərbaycanın da uğrunda canlarından keçməyə hazır olduqlarını bildirirlər. Eyni zamanda burada dayanan başlıca amil İlham Əliyevin bütün dünya azərbaycanlılarının Prezidenti olmasıdır. Bu Prezident İlham Əliyevin 50-55 milyonluq azərbaycanlıların Prezidenti olduğunu bir daha sübut edir. Bu baxımdan, Güney Azərbaycanda cənab Prezidentə bu cür münasibət təbii qarşılanmalıdır. Müzəffər Ali Baş Komandanın bir lider kimi güneylilərin də qəlbində xüsusi yer tutması təbiidir. Cənab Prezident hər zaman bütün dünya azərbaycanlılarının lideri, Prezidenti olduğunu sübut edib. “Güney Azərbaycan sizin arxanızdadır, cənab Prezident” ifadəsinin əski əlifba ilə Azərbaycan dilində yazılması isə onu göstərir ki, atılan addımlar bilavasitə hər birimizin gördüyümüz məqsədi daşıyır. Bu məqsəd Cənubi Azərbaycanda milli azadlıq hərəkatının başlanması və uğurlu nəticə ilə başa çatmasıdır. Ümumiyyətlə, düşünürəm ki, bu proses müsbət nəticələnəcək. Yəni gec, ya tez Cənubi Azərbaycandakı soydaşlarımız öz milli hökumətlərini də quracaqlar, azadlıqlarını da qazanacaqlar. Qaldı, bütün Azərbaycan xalqının onlara dəstəyinə, bundan hər kəs əmin ola bilər ki, Azərbaycan xalqı daim öz soydaşlarının yanındadır və onların dərdləri bizim dərdimizdir, onların kədəri bizim kədərimizdir. Biz bu proseslərdə görürük o proseslərdə nə qədər insan həlak olur, nə qədər insan molla rejiminin dəhşət saçan zindanlarında işgəncə görürlər. SEPAH-ın faşistləri soydaşlarımıza qarşı amansız divan tuturlar. Lakin bu amansızlıqlar əlbəttə, heç bir nəticə verməyəcək. Çünki ayağa qalxan xalqdır. Xalq ayağa qalxıbsa Tehranın repressiv qüvvələri son anda məğlub olacaqlar, bundan kimsənin şübhəsi olmasın”-deyə R.Rəsulov qeyd etdi.
İradə SARIYEVA