Məlum olduğu kimi, Ermənistan baş naziri Nikol Paşinyan İranda səfərdə olub. İran prezidenti İbrahim Rəisi Paşinyanla Tehranda keçirilmiş danışıqlarının nəticələrinə həsr olunmuş brifinq keçirib.
Brifinqdə İbrahim Rəisi üstüörtülü şəkildə dedi ki, xaricilərin bölgəyə gətirilməsi problem yaradacaq: “Qafqaz regionu İranın mədəni və sivilizasiya keçmişinin bir hissəsidir və biz bu regiona həssaslıqla yanaşırıq. Regionda təhlükəsizlik və sülhün bərqərar edilməsi İran İslam Respublikası üçün çox mühümdür. Danışıqların gedişində biz bu nəticəyə gəldik ki, regionun məsələləri və problemləri müstəsna olaraq region ölkələri nümayəndələrinin vasitəsilə həll edilməlidir. Regionda xarici qüvvələrin olması nəinki heç bir problemi həll etmir, əksinə onları daha da dərinləşdirir”.
Paşinyan isə öz növbəsində vacib hesab etdiyini bildirib ki, “iranlı partnyorlar Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətləri və Dağlıq Qarabağ tənzimləməsi kontekstində baş verənlər barədə məlumatlı olmalıdırlar:“Biz regional təhlükəsizlik və sabitliyin təmin olunmasında İranın tutduğu prinsipial mövqeyi vurğulayır və qiymətləndiririk”.
Məgər İran bilmir ki, xariciləri bölgəyə kim gətirmək istəyir? Fransanı, ABŞ-ı regiona gətirmək istəyən Ermənistan deyilmi? O zaman Rəisi niyə ünvanı göstərməyə cəsarət etmədi?
“Molla rejiminin siyasəti Azərbaycanı zəiflətmək üzərində qurulub”
Məsələyə münasibət bildirən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin fikrincə, belə yanaşma əslində İranın əsil simasını ortaya qoyur: “Rəisi ona görə ünvanlı danışmaqdan çəkindi ki, Ermənistan İranın qardaşıdır. Ermənistanın bacısı Fransadırsa, qardaşıda İrandır. Ona görə də Tehran rejimi Ermənistanı ittiham etməkdən hər zaman yayınır. İran rəsmiləri çox yaxşı bilirlər ki, Paşinyan Qərbin layihəsinə əsasən hakimiyyətə gətirilib. Tehran yaxşı bilir ki, Ermənistan Fransanın, Birləşmiş Ştatların bölgəyə daxil olması üçün əlindən gələni edir. Sadəcə bilərəkdən bunu görmək istəmirlər. Məqsəd Azərbaycanı zəiflətmək, Ermənistanı isə haqlı çıxarmaqdır. Molla rejiminin siyasəti bunun üzərində qurulub. İran-Ermənistan münasibətləri, Azərbaycana, Türkiyəyə qarşı yönəlmiş münasibətlərdir. Bu dövlətlərin yaxın münasibətlərinin ana xətti bundan ibarətdir. Molla rejimində ədalət, İslam həmrəyliyi olsaydı, 30 il ərazilərimizin işğal altında qalmasına seyirçi mövqedən yanaşmazdılar. İndidə dəyişən bir şey yoxdur. Əvvəlki siyasət davam etdirilir. Məhz bunun nəticəsi idi ki, İranda Azərbaycana yönəlik ittihamlar artdı, Araz çayı boyunca genişmiqyaslı hərbi təlimlər keçirildi. Ona görə də molla rejimindən Azərbaycana qarşı nə desən gözləmək olar. Bəzi məlumatlara görə, İran Azərbaycanla münasibətləri normallaşdırmaq istəyir. Doğrusu bunu real hesab etmirəm. Çünki İranın niyyəti, siyasəti sağlam deyil”.
Bu baxımdan partiya sədri hesab edir ki, İrana etibar etmək olmaz.
Vidadi ORDAHALLI