Bugünlərdə Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti haqqında Əsasnamə”də, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin strukturu”nda və “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzaladı.
Fərmanda qeyd edilirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti haqqında Əsasnamə”də, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin strukturu”nda və “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı”nda dəyişikliklər təsdiq edilsin.
Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılır.
Bu Fərmandan sonra Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ləğv edilib. Onun yerində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsi yaradılıb. İdarəyə Möhsün Aşurov rəis təyin edilib. O, bundan əvvəl Bakı Hava Limanında DTX rəisi vəzifəsində çalışıb.
Naxçıvanın digər nazirlikləri ilə bağlı da analoji qərarın verilməsi və yeni strukturun tətbiqi nə dərəcədə petspektivli görsənir?
Xüsusi xidmət orqanlarının sabiq əməkdaşı, Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu islahatların davamı da olacaq: “Düşündüyüm qədər digər qurumları da əhatə edəcək. Naxçıvandakı dövlət qurumlarının islahata məruz qalacağı gözləniləndir. Hər halda, təsdiqini gözləyən məsələlər var ki, onların da ictimaiyyətə açıqlanacağından sonra məsələnin tam mahiyyəti bəlli ola bilər. İndiki halda söyləyə biləcəyim yalnız mülahizə xarakteri daşısa da deyə bilərəm ki, Azərbaycanın dövlət quruluşu formasından asılı olaraq, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanın muxtariyyət bölgü forması ləğv oluna və ərazi üzərində Konstitusiyaya da uyğun olaraq unitar dövlət forması tətbiq edilə bilər. Belə olan halda təbii ki, Naxçıvanda fəaliyyət göstərən nazirlik, təşkilat və inzibati mərkəzlərin paytaxta fəaliyyət göstərən mərkəzlərə birləşdirilməsi və onların Naxçıvanda struktur olaraq fəaliyyət göstərməsi labüddür. Yəni şaquli idarəetmə modelinə tam keçid. Amma yenə də qeyd edim ki, bir qurumun timsalında bunun tətbiq edilməsi, gələcəkdə də bütün bunların digər nazirlik və təşkilatlara tətbiqi anlamına gəlməməlidir.
Onu da qeyd etməliyik ki, Naxçıvan Muxtar Respublikasının inzibati - ərazi formasnın dəyişdirilməsi gündəlikdə olan məsələ deyil. İndiki halda Azərbaycan miqyasında belə bir ortaya məsələnin qoyulması aktual deyildir və gündəlikdə durmur. Düşünürəm ki, bu islahat daha çox güc qurumlarını və ordunu əhatə edəcək. Çünki strateji əhəmiyyət daşıyan həmin ərazidə belə koordinasiyalı idarəetmənin olması zəruridir”.
Məhəmmədəli QƏRİBLİ