Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüşündə Zəngəzur dəhlizi ilə bağlı pozucu mövqeyini nümaişkəranə şəkildə təkrarladı. Həyasızcasına eyham vurdu ki, hansısa dəhlizdən söhbət gedə bilməz:
“Ermənistan ərazisindən keçən kommunikasiyalar tamamilə bizim nəzarətimizdə olmalı və ölkə qanunvericiliyinə uyğun işləməlidir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhəd departamenti öz növbəsində əldə olunmuş razılaşmaların icrasına nəzarət etməlidir”.
Daha sonra Paşinyan əlavə edib ki, Ermənistan kommunikasiyaların açılmasında son dərəcə maraqlıdır və 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndinə uyğun olaraq, istənilən vaxt qərar qəbul etməyə hazırdır.
Ancaq 3 ölkə başçısının arasında keçirilən üçtərəfli görüşün yekunları ilə bağlı Soçi Bəyanatı göstərdi ki, heç də hər şey Nikolun istədiyi kimi olmayıb. Məsələn, Soçi Bəyanatında deyilir ki, tərəflər Moskvanın vasitəçiliyi ilə əldə olunan razılaşmalara sadiqlik nümayiş etdirib: “Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşması, Cənubi Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi naminə bütün bu sazişlərə ciddi əməl etməyə bir daha sadiqlik nümayiş etdirilib. Biz humanitar məsələlər də daxil olmaqla, qalan vəzifələrin təcili həllinə yönəlmiş əlavə səylər göstərməyə razılaşdıq”.
“Reallıq odur ki, hələ də Paşinyan dəhlizin açılmasına imkan vermir və Rusiya bununla bağlı onlara təzyiq etmir”
Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin fikrincə, yekun bəyanat fərqli olsa da Rusiya dəhliz məsələsində Ermənistana yetərincə təzyiq göstərmir: “Bu günlərdə Rusiya baş nazirinin müavini Aleksey Overçuk bəyan etdi ki, nəqliyyat yolları Ermənistanın suverenliyi çərçivəsində açılmalıdır. Ermənilər elə həyasız varlıqdılar ki, nə yazırsan yaz sözü fırladıb altından çıxırlar. 2020-ci il 10 noyabr Bəyanatında deyilir ki, Naxçıvana maneəsiz gediş-gəliş olmalıdır. Bu da yalnız Zəngəzur dəhlizi vasitəsilə mümkündür. Ancaq biz görürük ki, Erməənistan rəhbərliyi həyasızcasına bunu danır. Deyirlər ki, razılaşmada dəhlizdən söhbət getmir. Deməyim odur ki, onların söz oyunu bizim ziyanımızadır. Azərbaycanda belə bir yanlış rəy formalaşıb ki, Paşinyan daha mötədildir və büütün məsələlərin həllində maraqlıdır. Əsla bu, belə deyil. Azərbaycanla bağlı məsələlərdə Paşinyanın Köçəryan və Sarkisyandan heç bir fərqi yoxdur. Kimsə özünü aldatmasın. Bunların yalnız Ermənistanın daxili siyasətlə bağlı baxışlarında fərqlər var. Reallıq odur ki, hələ də Paşinyan dəhlizin açılmasına imkan vermir və Rusiya bununla bağlı onlara təzyiq etmir. Halbuki, Rusiyanın bununla bağlı kifayət qədər təzyiq rıçaqları var. Məsələni çətinləşdirən başqa bir amil isə İranın da dəhliz məsələsində analoji mövqedən çıxış etməsidir. Çünki İran da istəmir ki, Zəngəzur dəhlizi açılsın. ABŞ-la Avropa İttifaqı da bu məsələdə dişsiz mövqe sərgiləyir. İri güclər türk dünyasının birliyinin əleyhinədilər. Çünki bu, yeni güc mərkəzinin yaranması deməkdir”.
Bu səbəbdən partiya sədri hesab edir ki, Ermənistanı məcbur etmək üçün Azərbaycan antiterror əməliyyatı keçirməlidir.
Vidadi ORDAHALLI