İrəvanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin erməni deputatı, kürdyönümlü Xalqların Demokratik Partiyasının üzvü Karo Paylan Ermənistanda görüşlər keçirir. K.Paylan həm Ermənistan rəsmiləri ilə, həm də müxalifət təmsilçiləri ilə görüşlər keçirir.
Paylan Ermənistan baş naziri Nikol Paşinyanla görüşüb. Daha sonra parlamentinin sədri Alen Simonyanın qəbulunda olub. Görüşdə A.Simonyan deyib ki, Ermənistan Karo Paylanın ermənipərəst və mühüm fəaliyyətini böyük diqqətlə izləyir: “Türkiyədə yaşayan milli azlıqların hüquqlarının müdafiəsini diqqət mərkəzində saxlamağınız son dərəcə vacibdir”.
Görüşdə Ermənistan-Türkiyə sərhədlərinin açılması ilə bağlı söhbət aparılıb. K. Paylanın sözlərinə görə, sərhədlərin açılmasına dair müzakirələrlə bağlı Türkiyədə yaşayan insanların geniş təbəqəsində məlumat çatışmazlığı var. O, həmçinin Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılma prosesi ilə bağlı təəssüratlarını və müşahidələrini təqdim edib.
K.Paylanın görüşdüyü şəxslərdən biri də Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan olub. Bu barədə S.Sarkisyanın ofisi məlumat yayıb. K.Paylan zaman-zaman Ermənistana səfər edib. O, siyasi fəaliyyətə başlayandan bəri antitürk mövqedən çıxış edib. Aydın məsələdir ki, Paylanın Ermənistanda keçirdiyi görüşlərdə həm Azərbaycanın, həm də Türkiyənin əleyhinə işlər çeviriblər.
Maraqlıdır, düşmən ölkəyə səfər edən, müxtəlif pozucu fəaliyyətlərlə məşğul olan K.Paylana Türkiyədə cinayət işi açılmalıdırmı? Onun indiyə qədər cəzasız qalması nə dərəcədə doğrudur?
“Onun illərdir müəyyən qaranlıq fəaliyyətlə məşğul olması bəllidir”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun fikrincə, ən azından K.Paylanın fəaliyyəti araşdırılmalıdır: “Düzdür, Türkiyə demokratik ölkədir, insanların söz və ifadə azadlığı təmin olunub. Paylan da Türkiyə Böyük Millət Məclisində təmsil olunduğu üçün deputat toxunulmazlığına malikdir. Ancaq bütün bunlar o demək deyil ki, onun bu işləri cəzasız qalmalıdır. Məsələ ondadır ki, Paylanın təmsil olunduğu partiya Türkiyədə uzun illərdir separatizm fəaliyyəti ilə məşğuldur. Məqsədləri Türkiyəni bölməkdir. Paylanı xaricdəki müxtəlif dairələrin himayə etməsi Türkiyədə kiməsə sirr deyil. Onun illərdir müəyyən qaranlıq fəaliyyətlə məşğul olması da bəllidir. Paylanın Türkiyə parlamentində təmsil olunması o demək deyil ki, kimsə ona toxuna bilməz. Zaman-zaman Türkiyənin qanunlarını pozan bəzi millət vəkilləri gərəkən cəzalarını alıblar. Bununla əlaqədar ilk olaraq onların deputat toxunulmazlıqları ləğv edilib. Daha sonra digər qanunvericilik prosedurları tətbiq olunub. Paylan öz erməni kimliyindən istifadə edərək istədiyini edir. Həm Ermənistan rəsmiləri ilə, həm də revanşist qüvvələrlə çəkinmədən görüşür. Hesab edirəm ki, böyük dövlətçilik ənənələrinə malik olan Türkiyə beynəlxalq təziqlərdən çəkinməyərək gərəkən addımları atmalıdır”.
Partiya funksioneri onu da əlavə etdi ki, Paylanın fəaliyyəti araşdırılsa, bu, digərlərinə də dərs olacaq.
Vidadi ORDAHALLI