31 oktyabr 2022-ci ildə Soçidə keçirilmiş üçtərəfli Əliyev-Putin-Paşinyan görüşünün sonrakı gedişini daha çox bir fakt həll etdi.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır: “Yəni üçtərəfli bəyanatda Azərbaycan üçün prinsipial əhəmiyyətli məsələlər barədə ziyanlı və ya arzuolunmaz müddəaların olmasının qarşısını məhz bu fakt kəsdi. Nədir həmin fakt?
Bizim Prezident üçtərəfli görüşdən qabaq Putinlə ikitərəfli görüşdə dedi ki, münaqişə artıq tarixdə qaldı, iki il əvvəl həll olundu, bu barədə müzakirə olunası bir şey qalmayıb, iki ölkənin münasibətlərinin normallaşması üçün isə işlər görülməlidir... Əliyevin öncədən qəti inamla dediyi bu sözlər birgə bəyanata Dağlıq Qarabağ, status və digər vaxtı keçmiş sözlərin salınmamasının əsas qarantı oldu...
Bəyanatda deyilmiş ümumi sözlərdə isə Azərbaycanın ziyanına təsirli ola biləcək heç nə yoxdur...”
Tahir TAĞIYEV