2020-ci il oktyabrın 28-də Ermənistan ordusu Bərdə şəhərinə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə olunmaqla zərbələr endirib. Nəticədə, aralarında uşaq və qadınlar da olmaqla, 20 dinc sakin həlak olub, 82 mülki şəxs yaralanıb.
Qeyd edək ki, Bərdənin 2020-ci ilin 5, 8, 27, 28 oktyabr tarixlərində və 7 noyabrda raket və ağır artilleriya silahları ilə bombalanması nəticəsində 8-i qadın, 19-u kişi, 2-i uşaq olmaqla 29 nəfər qəsdən öldürülüb. 26-sı qadın, 71-i kişi, 15-i uşaq olmaqla 112 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəyib.
Bərdə terrorundan 2 il ötür, ancaq hələ də beynəlxalq təşkilatlar məlum hadisəyə hüquqi qiymət verməyib.
“Kimlərsə gözünü bağlayıb, qulağını tıxayırsa, bu onların öz problemidir”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, dünyanın məlum terror hadisəsini sakitliklə qarşılaması bizi təəccübləndirmir: “Azərbaycanın başına gətirilənləri bütün ölkələr görür, ancaq onlar gördüklərini görməzlikdən gəlib susmağı üstün tutur. Bunun səbəbi ölkəmizə qarşı ikili standart var, Azərbaycana qarşı qərəz var. Bərdədə baş verən terror hadisəsinə beynəlxalq hüquqi qiymətin verilməməsi təəccüblü deyil. Raketlərin atıldığı yerlər də hərbi obyekt deyildi. Raketin atıldığı yerlərin müharibəyə heç bir aidiyyəti yoxdur. Ancaq Ermənistan tərəfi dinc əhalinin yaşadığı yerləri hədəf kimi seçir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycan dövləti öz gücünü dünyaya göstərdi, beynəlxalq arenaya sübut etdi ki, hazsızlığa təkbaşına da sinə gərə bilər.
Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan tərəfi işğaldan azad edilmiş torpaqlarda yenidənqurma işləri həyata keçirir. Iki il ərzində 2 beynəlxalq hava limanı tikildi, yollar çəkildi və çəkilməkdə davam edir, məktəblər açılır, yaşayış məntəqələri bərpa olunur. Bununla Azərbaycan tərəfi kim olduğunu, nələr bacardığını dünyaya nümayiş etdirir: “Kimlərsə gözünü bağlayıb qulağını tıxayırsa, bu onların öz problemidir. Azərbaycanın özünün haqlı bildiyi yolundan döndərilməsi mümkün deyil”.
Günel CƏLİLOVA