“Azərbaycan və Ermənistan arasında birbaşa dialoq ölkələr arasında fərqli fikirlərin aradan qaldırılması üçün əsas şərtdir”. Bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat katibinin sədr müavini Vedant Patel deyib.
Departament rəsmisi hesab edir ki, bu, tərəflər arasında fikir ayrılığının ortadan qalxmasına kömək edəcək: “Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına sadiqdir və biz hər iki lideri onlar üçün daha faydalı olan formatda görüşməyə təşviq etdik. Birbaşa dialoq uzunmüddətli sülhə nail olmağın açarıdır”.
Patel onu da qeyd edib ki, ABŞ hər zaman Cənubi Qafqazın hər üç ölkəsinin suverenliyi və müstəqilliyini dəstəkləyib. Əlavə edib ki, 1991-ci ildə Ermənistan, Azərbaycan və Gürcüstanın Sovet İttifaqından ayrılaraq müstəqilliyini bərpa etməsi bu ölkələrin hər birinə öz xarici siyasət maraqlarını və suverenliyini həyata keçirmək hüququ verib.
Neçə vaxtdır ABŞ birbaşa dialoq tezisindən çıxış edir. O zaman bəs niyə deyilmir ki, tərəflərdən biri birbaşa dialoqdan yayınır? Azərbaycan hər zaman birbaşa dialoqun tərəfdarı olub. Ona görə ki, birbaşa dialoq hansısa vasitəçi dövlətdən asılılığı ortadan qaldırır. Daha çevik fəaliyyət üçün şərait yaradır.
“Necə ki, ABŞ 30 il ərzində işğalçı ilə işğala məruz qalan tərəfə fərq qoymadı, bu gün də bunu bir başqa formada davam etdirir”
Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev ABŞ-ın sözügedən məsələdə tərəflərə ümumi çağırış etməsini Vaşinqtonun ikili standartları ilə əlaqələndirdi: “İllərdir Ermənistan birbaşa danışıqlardan yayınır. Niyə? Ona görə ki, təcavüzkar tərəfdir. Bu səbəbdən danışıqlarda konstruktiv mövqe sərgiləməkdə maraqlı deyil. Ermənistan 30 il nəticəsiz danışıqlara rəvac verdi. Ən nəhayət, Azərbaycan 2020-ci ilin payızinda hərb yolu ilə illərlə davam edən bu ədalətsizliyə son qoydu. İşğal altında olan ərazilər azad edildi. Ümid edirdik ki, Ermənistan bundan sonra danışıqları uzatmayacaq. Ancaq müharibənin bitməsindən 2 il keçir, Ermənistan yenə danışıqlar prosesini uzadır. Verdiyi vədlərə, götürdüyü öhdəliklərə əməl etmir. Gah Avropa İttifaqı, gah da Rusiya tərəflər arasında vasitəçilik edir. Halbuki, vasitəçilər olmadan da birbaşa dialoq aparmaq mümkündür. Yetər ki, Ermənistan bunda maraqlı olsun. Ermənistan isə hər vasitə ilə prosesi uzatmaq yolunu tutub. Necə ki, ABŞ 30 il ərzində işğalçı ilə işğala məruz qalan tərəfə fərq qoymadı, bu gün də bunu bir başqa formada davam etdirir. Birbaşa danışıqlardan yayınan Ermənistanı göstərmək istəmir”.
Vidadi ORDAHALLI