Paşinyan yenə bir sıra məsələləri təhrif edərək deyib ki, oktyabrın 31-də Putinlə ikitərəfli görüşdə ona bəzi sualları olacaq. O iddia edib ki, üçtərəfli işçi qrupunda əldə olunan razılaşmalara baxmayaraq, dəhlizlə bağlı bəzi açıqlamalar verilir.
Paşinyan Rusiyadan müxtəlif səviyyələrdə Ermənistandan keçən nəqliyyat dəhlizinin açılması zərurəti haqqında bəyanatlar səslənməsindən narazılığını bildirib: “Sonuncu dəfə bu formatda görüş 2021-ci ilin noyabrında baş tutub. Ən mühüm gözləntilər bu dövrdə baş verən hadisələrin qiymətləndirilməsi ilə bağlıdır. Yığılmış çoxlu məsələlər var ki, onlarla bağlı müəyyən fikir mübadiləsi, dəqiqləşdirmələr və suallar verilə bilər. Üstəlik, bu bəyanatlar təkcə Azərbaycan tərəfindən deyil, Rusiyada da Rusiya prezidentinin verdiyi bəyanatlara və onun imzaladığı sənədlərə zidd olaraq bu məsələni pis tərəfə yönəltməyə çalışan anlaşılmaz insanlar var”.
Paşinyan 26 noyabr 2021-ci il tarixli bəyanatı əsas gətirərək iddia edir ki, tərəflər Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik və sabitliyin səviyyəsinin yüksəldilməsi və sərhədin demarkasiyası komissiyasının işə salınması üçün tədbirlər görməyə razılaşıblar: “Ermənistan tərəfi bəyanatın mətninə əsaslanaraq bildirib ki, təhlükəsizlik mexanizmlərini yaratmaq lazımdır, bundan sonra yalnız delimitasiya prosesinin başlanmasından danışmaq lazımdır. O zaman rusiyalı həmkarlarımız delimitasiya komissiyasının fəaliyyətinin özünün təhlükəsizlik mexanizmi olacağını deyirdilər. Biz o nöqteyi-nəzəri bölüşməmişik. Amma prosesi dalana dirəməmək üçün çeviklik nümayiş etdirmək və bu addımı atmaq qərarına gəldik. Lakin 2022-ci ildə delimitasiya komissiyası formalaşdıqdan sonra 13 sentyabr “təcavüzü” baş verdi. Həmkarlarımın bununla bağlı dəqiq siyasi mövqe bildirməmələri mənim üçün anlaşılmazdır. Bunlar mənim Rusiya Federasiyasının Prezidenti ilə ikitərəfli görüş formatında müzakirə etməyi planlaşdırdığım məsələlərdir”.
Görünən odur ki, Paşinyan növbəti bəhanələr uyduraraq təxribata əl atır. Bu isə gözlənilən danışıqların pozulmasına xidmət edir.
“Guya Rusiya da 26 noyabr 2021-ci il tarixli bəyanatın müddəalarını təhrif edir”
Məsələyə münasibət bildirən politoloq Tural İsmayılovun sözlərinə görə, Paşinyan müstəqil dövlət başçısı olmadığı üçün belə oyun oynayır: “Bütövlükdə, Ermənistanın dövlətçilik elementləri müstəqil olmadığına görə, onun hansısa formada Rusiya əleyhinə danışdığını güman etmək doğru olmaz. Paşinyan Fransa və ABŞ-dan gələn anti-Rusiya tezislərinə əsasən belə danışır. Bu gün Ermənistan nə qədər Qərbin əlində oyuncağa çevrilsə də, sərhədlərini Rusiya əsgərləri qoruyur. Ölkə iqtisadiyyatı Rusiya kapitalından böyük həcmdə asılıdır. Ona görə də, Qərbin müəyyən təhriklərinə baxmayaraq, Paşinyan nə qədər ağılsız xətt yürütsə də, bunun ona baha başa gələcəyini yaxşı bilirlər. O üzdən, onun sonuncu açıqlamaları blefdir. O, Putindən hesabat tələb edə bilməz. Sadəcə, Paşinyan Soçi görüşü ərəfəsində belə açıqlamalar verməklə ictimai rəydə özünə xal toplamağa çalışır. Bununla həm də Qərbə mesaj göndərir ki, Soçiyə getsə də Rusiyadan narazıdır. Guya Rusiya da 26 noyabr 2021-ci il tarixli bəyanatın müddəalarını təhrif edir və s. Hesab edirəm ki, son günlər Ermənistanda güclənən anti-Rusiya ritorikası Soçidə qəbuledilməz hesab ediləcək. O cümlədən, həmin görüşdə Rusiya rəhbərliyi tərəfindən Paşinyana sərt təzyiqlər ediləcək”.
Vidadi ORDAHALLI