Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib ki, bu ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün Ermənistan hər şeyi edəcək:
"Bu nə dərəcədə realdır? Mən belə cavab verəcəm: hökumət və mən bunun reallaşması üçün hər cür səy göstərəcəyik”.
Baş nazir qeyd edib ki, Ermənistan hakimiyyəti sülh müqaviləsi imzalanana qədər Azərbaycanla sərhəd delimitasiyasının başa çatdırılmasına ümid edir:
"Praqada ərazi bütövlüyünün qarşılıqlı tanınmasının 1991-ci il sərhədləri əsasında baş tutacağına dair razılaşma əldə olunub. Bu, real ola bilər, çünki həmin sərhədlər məlumdur".
Paşinyan yenə 91-ci ilə istinad edir. Sülh müqaviləsinin imzalanması üçün həmin sənəd baza rolunu oynaya bilərmi, yoxsa tərəflərin yenidən bir-birinin ərazi bütövlüyünü tanımasına ehtiyac var?
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə bildirdi ki, 1991-ci ildə Ermənistan MDB-yə qəbul olunmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyıb kimi iddialar söz oyunundan başqa bir şey deyil:
“Bugünə qədər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığı barədə nə yazılı, nə şifahi bəyanat, açıqlama, sənəd yaymayıb. İndi ermənilər MDB-nin formal bir sənədini ortaya atmaqla, birincisi, daxili auditoriya üçün mesaj verir və bununla demək istəyir ki, hələ 30 il öncə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, bu addımı ilk atan mən deyiləm. Hazırda müzakirə mövzusu olan sülh sazişindən danışmaq lazımdır. Həmin sazişin əsas şərtlərindən biri tərəflərin qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanımasından ibarətdir. Ermənistan özü üçün bir əlyeri qoyur ki, özünə gələn kimi Qarabağdakı erməni kartından istifadə edib, Azərbaycana qarşı yenidən ərazi iddiası irəli sürsün. Ermənistanın bu məsələdə məkrli niyyəti yoxdursa, niyə Azərbaycanın ərazi bütövlüyünü təkrar tanımağı özünə problem sayır? Azərbaycan sülh sazişi üçün 5 şərt irəli sürüb. Həmin şərtlərdən biri məhz ərazi bütövlüyünün tanınmasıdır. Yaxşı olar ki, Ermənistan keçmişə istinad etməkdənsə, indiki reallıqlara uyğun addım atsın”.
Politoloqun sözlərinə görə, Paşinyan Zəngəzur dəhlizi ilə bağlı öhdəliyindən də belə yayınır: “Söz oynadaraq deyir ki, sənəddə dəhliz kimi yalnız “Laçın dəhlizi” ifadəsi işlədilir. Ermənistan bu məsələ ilə sadəcə manipulyasiya edir Ərazi bötüvlüyü ilə bağlı Paşinyanın dediklərində müəyyən həqiqət payı ola bilər, amma bu formal olaraq belədir. Çünki məhz 1991-ci ildən sonra Azərbaycanın əraziləri Ermənistan tərəfindən işğala məruz qalıb. Üstəlik, müstəqil və guya ərazi bötüvlüyünü tanıdıqları ölkənin ərazisində qondarma qurum yaradılıb və illərlə fəaliyyət göstərib. İndi Ermənistan rəsmiləri bu bəyanatı o səbəbdən yada salır ki, guya daha Azərbaycanın ərazi bütövlüyünü təsbit edən sənədə qol çəkməyə ehtiyac yoxdur. Çünki belə bir sənədin imzalanması Ermənistanın Qarabağın erməni köçmənlər məskunlaşmış ərazilərində “müstəqillik, status” kimi xəyallardan rəsmən çəkinməsi demək olacaq. O səbəbdən Paşinyan və onun komandası düşünür ki, belə bəyanat verməklə Ermənistanı “Qarabağ iddiasından vaz keçməkdən” yayındıra bilər.
Məhəmmədəli QƏRİBLİ