ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays brifinq zamanı deyib ki, ABŞ Cənubi Qafqaz regionunu stabil görmək istəyir.
İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimləri şərh edən N.Prays qeyd edib ki, ABŞ Cənubi Qafqaz regionunu stabil görmək istəyir və bu məsələdə açıq şəkildə marağını ifadə edib:
"Regionda Ermənistanla Azərbaycan arasında gərginliyi azaltmaq və daha da ciddi gərginliyin yaranmasına yol verməmək üçün biz bu ölkələrlə işimizi davam etdiririk".
Faktiki olaraq ABŞ İranla düşmən olsa da, Tehranın bizimlə sərhədə qoşun yığmasına çox soyuqqanlı tərzdə cavab verir. Bu reaksiyanı necə başa düşmək olar?
Əhəd Məmmədli: “Artıq regionda neçənci ölkə ilə və hazırda da Ermənistan mövzusunda ABŞ-la İranın maraqları tam üst-üstə düşür”
Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Amerika ilə İranın düşmənçiliyinin səmimiyətinə heç vaxt inanmayıb:
“Təsadüfi deyil ki, İraqda İrana qarşı aksiyalar, mitinqlər, irançılarla ərəb millətçiləri arasında iğtişaşlar yarandı. İraqda şiələr özü iki yerə bölünüb - ərəb milli təfəkkürünü daşıyanlar və irançılar. Onlarla qarşıdurma indiyə kimi də davam edir. Bu ona görədir ki, ABŞ işğalından sonra İraqda İran üçün bütün siyasi imkanları yaratdı. Ermənistan məsələsində də, xüsusilə İranın Türkiyə və Azərbaycanla qarşıdurmasında, Zəngəzur dəhlizinin əleyhinə etdiyi hərəkətlər, atdığı addımlar, Ermənistanı dəstəkləməsi ABŞ-ın maraqlarına cavab verir. Artıq regionda neçənci ölkə ilə və hazırda da Ermənistan mövzusunda ABŞ-la İranın maraqları tam üst-üstə düşür. Ortaya yenə sual çıxır: niyə hansı regiona baxırıqsa, onların fikirləri, maraqları eyni olur? Bu necə düşmənçilikdir? Ona görə də, mən heç vaxt ABŞ-İran düşmənçiliyinin səmimiyyətinə inanmamışam. Bu, sözdə düşmənçilikdir. Əməldə lazım olanda isə müttəfiqdirlər. Biz buna hazır olmalıyıq. Ermənistan indi çalışır ki, həm ABŞ-ın, həm İranın, Fransanın, Rusiyanın dəstəyini alsın. Amma bu, Ermənistanda alınmayacaq. Çünki siyasətdə hamı ilə yaxşı olmaq mümkün deyil. Sonda hamı ilə yaxşı olmaq istəyən ən pis vəziyyətdə qalır. Azərbaycan daim prosesləri diqqətdə saxlamalıdır. ABŞ-Ermənistan-İran yaxınlığına baxmayaraq, Ermənistan-Rusiya qarşıdurmasının dərinləşməsinə təkan verməlidir. Türkiyə ilə hərbi ittifaqı möhkəmləndirməli və Rusiya ilə münasibətləri yaxşılaşdırıb, Ermənistan-ABŞ yaxınlaşmasını öz xeyrinə çevirməyi bacarmalıdır. Təsadüfi deyil ki, artıq Türkiyə rəsmiləri çox yüksək səviyyədə Azərbaycan-Türkiyə birliyinin, müttəfiqliyinin daha da möhkəmləndirilməsi haqqında danışırlar. Bu da indiki halda ən doğru və düzgün addımdır”.
Ola bilər ki, İran erməni lobbisi vasitəsilə ABŞ-la danışıqlara ümid edir. Amma Vaşinqton və Tehran rejiminin yaxınlığı və əməkdaşlığı mümkün görünmür. İstər Demokratlar, istərsə də Respublikaçılar arasında İrana qarşı siyasətin dəyişdirilməsi tərəfdarlarının çoxluq təşkil etməsi inandırıcı görünmür. Ona görə də molla rejimi İranda hakimiyyətdə olduğu müddətcə ABŞ-İran münasibətlərinin həmişə böhran həddində olacağı daha inandırıcıdır”
Məhəmmədəli QƏRİBLİ