Rusiyadan növbəti təxribat. İlk dəfə olaraq Qarabağda yaşayan Rusiya Federasiyası vətəndaşlarının görüşü keçirilib. İclasda ruslar arasından fəallar və İcma Şurasının üzvləri iştirak edib. Rusiya vətəndaşları bildiriblər ki, rus icmasının həyatında və Qarabağın gələcək taleyində öz iştiraklarını gücləndirəcəklər. İclasın yekunu olaraq Qarabağda yaşayan ruslar adından Rusiya prezidenti Vladimir Putinə açıq məktubla müraciət edilməsi qərara alınıb.
İclasda Qarabağda yaşayan ruslara pulsuz hüquqi xidmət göstərmək üçün Hüquq Mərkəzinin yaradılması təsdiq edilib. Rusiya Federasiyası vətəndaşlarının görüşləri ən azı ayda bir dəfə keçiriləcək. İclas iştirakçıları bildiriblər ki, onların təhlükəsizliyini Rusiya sülhməramlı kontingenti təmin edir. Qeyd olunur ki, rusların bir hissəsi Qarabağ torpağını ata-baba mirası hesab edir. Rusların təhsil və mədəniyyət sahəsindəki ehtiyaclarını ödəmək üçün nəzərdə tutulmuş Rus Mədəniyyəti Evinin yenidən qurulmasına xüsusi diqqət yetiriləcək. Müharibədən sonrakı iki il ərzində rus icması Rusiya sülhməramlı kontingenti ilə birlikdə Qarabağda bir sıra mədəni-maarif tədbirləri keçirib. Rusiya Mədəniyyəti Evində yerləşəcək Xankəndi Rus Dram Teatrının təməlinin qoyulması qərara alınıb.
Görünən odur ki, Rusiya Qarabağda rusların adı altında şübhəli fəaliyyətlərini genişləndirir. Bu isə çox təhlükəli məqamlardan xəbər verir.
“Rusiyanın məlum addımları ona hesablanıb ki, separatçılar Moskvanın nəzarətinə keçsin”
Məsələyə münasibət bildirən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, Rusiyanın belə təhlükəli fəaliyyətlərə başlayacağı gözlənilən idi: “Çünki Rusiya uzun illərdir Qarabağdan bir təzyiq vasitəsi kimi istifadə edir. 1988-ci ildə erməni separatizmi baş qaldıranda Moskva rəhbərliyi bunun qarşısını ala bilərdi. Ancaq tam əksinə, münaqişəni qızışdırmaq yolunu tutdu. Ondan sonrakı hadisələr də məlumdur. Rusiyanın birbaşa dəstəyi ilə Qarabağ və ətraf rayonlar işğal edildi. Otuz ilə yaxın ərazilərimiz işğal altında qaldı. 44 günlük Vətən müharibəsi dönəmində Rusiya ilk dövrlərdə neytral qalsa da, bu çox davam etmədi. Yəni Rusiya imkan vermədi ki, Qarabağ erməni separatçılarından tam təmizlənsin. Rusiya sülhməramlıları Qarabağa yeridildi. Ondan sonra Qarabağı tərk edən ermənilərin geri qayıtmaları üçün nə mümkündürsə, onu etdilər. Sülhməramlıların işinə aid olmayan işlərlə məşğul oldular. Rusiyanın məlum addımları ona hesablanıb ki, separatçılar Moskvanın nəzarətinə keçsin. Çünki eyni vaxtda Rusiya dövlət telekanallarının Azərbaycanın ərazi bütövlüyünü hədəf alması, Qarabağda rus icması oyunlarının intensiv hal alması prosesin vahid mərkəzdən idarə olunduğunu göstərir. Sülhməramlılar Qarabağa yerləşəndən sonra gah qondarma abidə ucaltdılar, gah da erməni Apostol Kilsəsinin Qarabağ Yeparxiyası ilə birlikdə Rusiya Provoslav Kilsəsinin əməkdaşlığını genişləndirdilər. Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalansa belə, Rusiya imkan verməz ki, Qarabağda separatizm birdəfəlik ortadan qalxsın. Qarabağda rus icması olmadığı halda, Rusiya bununla bağlı şou təşkil edir. Bütün bunlar təhlükəli planlardan xəbər verir”.
Bu baxımdan partiya sədri hesab edir ki, Azərbaycan son dərəcə ayıq-sayıq olmalıdır.
Vidadi ORDAHALLI