Ermənistan Zatulinin ölkəyə girişinə qadağa qoyub. Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin Ermənistan Respublikasına girişinə qadağa qoyulmasını belə şərh edib:
“Bu bizim üçün gözlənilməz oldu, Ermənistan Respublikası Milli Assambleyasının Xarici Əlaqələr Departamentinin rəhbərindən məktub aldıq. Mənə dedilər ki, səfərim arzuolunmazdır, bəyanatlarım Ermənistan Respublikasına ziddir”.
Zatilin erməni mediasına müsahibədə bildirib ki, ondan çox Ermənistanın maraqlarını qoruyan olmayıb, ancaq belə münasibətlə üzləşib. O bunun səbəbini Zəngəzur dəhlizi ilə bağlı ona verilən suala verdiyi cavabla əlaqələndirib: “Mən dedim ki, bunun cavabını Paşinyandan soruşsanız yaxşı olar”.
Ermənistan müxalifəti də Zatulinə qoyulan qadağaya etiraz edib. Müxalifətdə olan ruspərəst “Ermənistan” blokunun bəyanatında deyilir ki, Ermənistanın hazırkı hakimiyyəti Bakı və Ankaranın maraqlarından çıxış edərək anti-erməni və anti-Qarabağ siyasətini davam etdirir:
“Təsadüfi deyil ki, bu hakimiyyətin hədəfi illərdir Türkiyə və Azərbaycan tərəfindən tənqid olunan, sosial, peşəkar və ya siyasi fəaliyyətləri Ermənistanın, “DQR”in (separatçı, qondarma rejim nəzərdə tutulur) və erməni xalqının maraqlarını qoruyan insanlardır...
Hakimiyyətin bu addımı Bakı və Ankaranın tələblərini təmin etmək, digər tərəfdən Ermənistanla Rusiya arasında dostluq, müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyır”.
Ermənistan hakimiyyətinin ermənipərəst rus deputatına birdən-birə bəslədiyi bu münasibət nədən xəbər verir?
Tofiq Abbasov: “Həm Zatulin, həm Ermənistan hamısı birlikdə tarixin qaranlıq tərəfində yer alırlar”
Siyasi şərhçi Tofiq Abbasov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, əlbəttə, bu hadisə özündə bir neçə təzadı əks etdirir: “İlk növbədə biz Nikol Paşinyan tərəfindən artıq dövlət siyasətinin yeridilməsinin yox, şəxsi siyasətin yeridilməsi barədə məlumat əldə edirik. Görürük ki, ölkənin baş naziri üçün, siyasi ierarxiyada ilk mövqe tutan adam üçün korporativ münasibətlər və korporotiv maraqlar dövlət marağından daha üstündür. Söz yoxdur ki, Konstantin Zatulin Ermənistan-Azərbaycan qarşıdurmasında əvvəl gündən son dərəcə destruktiv, dağıdıcı, zərərli mövqe tutur. O gizlətmir ki, açıq-aşkar lobbiçilik fəaliyyəti ilə məşğuldur. Bunun arxasında tək Azərbaycana qarşı olan məkr yox, həm də onun maddi, merkantil maraqları durur. O, ciddi cəhdlə çalışır ki, erməniləri bütün Rusiya siyasi elitası səviyyəsində, dünya birliyi qarşısında doğru tərəfdə olan bir aktor, bir subyekt kimi təlqin etsin. Ancaq əslində belə deyil. Əgər Konstantin Zatulin özünü peşəkar siyasətçi sayırsa, qəti sürətdə Ermənistanın Azərbaycana dair işğal siyasəti yeritməsini, sərhədlərin konfiqurasiyasının perimetrini zorla pozmaq istəyən tərəf kimi həqiqətləri olduğu kimi gərək tanıyardı. O bunu etmirsə, bu proseslərdə açıq - aşkar Ermənistan tərəfindən qaydaların pozulmasını inkar edirsə, deməli, öz-özlüyündə nadürüst siyasət yeridir. Və burada aydın göstərir ki, siyasi alverlə məşğuldur. Ermənistanın müxalif qüvvələri indi Zatulinə göz yaşları tökürlər, ona tərəfkeşlik edirlər. Bunlar hamısı aydın məsələdir. Biz görürük ki, Ermənistanın daxilində mərkəzləşmiş, aydın, şəffaf tərzdə müəyyən edilmiş siyasi kurs yeridilmir. Yeridilən kursun arxasında son dərəcə anlaşılmayan təzadlar, komponentlər var. Ümumiyyətlə, sağlam ruh demək olar ki, sezilmir, yox dərəcəsindədir. Azərbaycan Prezidenti bu yaxınlarda Tiflisdə olarkən, işçi səfəri çərçivəsində bir daha Ermənistana mesaj verdi ki, gəlin inkarçılıq daşını ətəyinizdən atın, nifrət siyasətindən əl çəkin. Gəlin, üçlükdə (Azərbaycan, Gürcüstan və Ermənistan) yeni konfiqurasiya yaradaq. Əgər siz qonşuluq siyasətinə yaşıl işıq yandırarsızsa, biz Cənubi Qafqazı yeni bir müstəviyə çıxara bilərik. Onun tarixində yeni səhifə açıla bilər. Bu ilk növbədə sizin maraqlarınıza uyğundur. Çünki Ermənistan çabalayan məmləkətdir. Onun iqtisadiyyatı ölümcül haldadır. Onlar investisiyanı heç kimdən tələb etmirlər. Çünki heç kəs belə dağıdılmış, tənəzzülə uğramış ölkəyə investisiya yerləşdirməz. Müəyyən xarici şirkətlər işləyirlər, mədənlərdən, qızıl yataqlarından öz xeyirlərin götürürlər. Bu işlərdən isə Ermənistanın büdcəsi cüzi bir xeyir görür. Əsas qazanc orada xarici iş adamlarının və Ermənistanın rəhbərliyində olan dairələrin cibinə gedir. Ona görə də, bu proseslərdə Zatulinin ciddi cəhdlə ermənipəst mövqeyinin yeridilməsindən görürük ki, insan siyasi və mənəvi cəhətdən nə dərəcədə düşgün, natamam olmalıdır ki, belə zəlil dövlətə, onun səhv mövqeyinə dəstək göstərsin, çalışsın ona reklam yaratsın, çalışsın onu üzüağ tərzdə təqdim etsin. Bu belə deyil. Çünki Ermənistanın siyasəti mənfur siyasətdi. O heç bir səviyyədə bəyənilən siyasət deyil. Bu siyasət özü ilə hər zaman dağıdıcı potensial gətirir, çalışır burda yaranmış inteqrasiya sxemlərini, onların fəaliyyətini pozsun və bununla da özünü təsdiqləsin. Heç bir zaman belə mövqedə olan məmləkətlər, toplumlar, dövlətlər populyarlıq qazanmayıblar. Onlara heç kəs etimad göstərməyib. Necə ki, Azərbaycanın nüfuzu həm Avrasiyada, həm dünyada böyüyür, genişlənir, artır, Ermənistanın abırı bir o qədər də sıfıra doğru hərəkət edir. Ona görə də, Zatulin hansı seçimi edir özü bilər. Ancaq həm Zatulin, həm Ermənistan hamısı birlikdə tarixin qaranlıq tərəfində yer alırlar”.
Məhəmmədəli QƏRİBLİ