Rusiya-Ermənistan münasibətlərində yeni gərginlik yaranmaqdadır. Ermənistan parlamentinin sədri Alen Simonyan “Rusiya-Ermənistan Lazarev Klubu”nun beşinci iclasında iştirakdan imtina edib. A.Simonyan Dövlət Dumasının deputatı Konstantin Zatulinə ünvanladığı məktubda bunu Səmərqənddə keçiriləcək MDB Parlamentlərarası Şurasının növbəti iclasında iştirak edəcəyi ilə izah edib.
Ancaq Simonyanın belə bir cavab verməsi bəhanədir. Çünki adətən həmin klubun iclaslarında, baş nazir Nikol Paşinyan olmasa da, digər erməni rəsmilərindən biri iştirak edirdi. Yəni dövlət səviyyəsində rəsmi şəxslərdən biri tədbirə qatılırdı. Bu dəfə o da olmadı. Üstəlik, erməni əsilli rusiyalı jurnalist Marqarita Simonyan və deputat K.Zatulinin də Ermənistana gəlişinə qadağa qoyulub. Rusiya Dövlət Dumasının ermənipərəst deputatının Ermənistanda arzuolunmaz şəxs elan olunmasını şərh edən M.Simonyan bildirib ki, onun da Ermənistana girişi yasaqlanıb: “Uzun illər Ermənistanın qatı dəstəkçisi olan Konstantin Zatulinin Ermənistana girişi Ermənistanın hazırkı rəisi tərəfindən qadağan edilib. Yeri gəlmişkən, mənim də”.
Maraqlıdır, bütün bunların eyni vaxtda baş verməsi təsadüfdürmü?
“Kreml mütləq şəkildə Ermənistanı cəzalandıracaq”
Məsələyə münasibət bildirən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev hesab edir ki, iki ölkə arasında son vaxtlar yaşananlar təsadüf deyil və Kreml Ermənistanı cəzalandıracaq: “Ermənistan açıq-aşkar Qərbə meyllənmək üzrədir və artıq bu məsələ İrəvan tərəfindən rəsmi dövlət səviyyəsində nümayiş etdirilir. Xüsusilə 30 ildən çox onu öz qoynunda bəsləmiş, ayaqda saxlamış, xəritədən silinməsinə imkan verməmiş Rusiyadan imtina prosesi həmin reallığı kifayət qədər sübuta yetirməkdədir. Ermənistanın baş naziri Nikol Paşinyan artıq uzun müddətdir ki, “Lazerev Klubu” adlandırılan təşkilatın iclasına qatılmır. Bu təşkilatın anti-Qərb xarakterli olması isə hər kəsə aydındır. Bunun ardınca Ermənistan parlamentinin sədri Alen Simonyanın da “Lazerev Klubu”nun beşinci iclasından imtina etməsi artıq özü-özlüyündə bütün kartları açıq edir. Daim Rusiyanın gündəmində olan iki şəxsin - jurnalist Marqarita Simonyanın və Rusiya Dumasının deputatı Konstantin Zatulinin Ermənistanda persona non-qrata elan edilmələri, yəni arzuolunmaz şəxs kimi ölkəyə girişlərinə rəsmi qadağa qoyulması iki ölkə arasında yaşanan gərginliyin göstəricisidir. Bütün bunlar İrəvanın Moskva ilə körpülərini birdəfəlik yandırmasına hesablanıb. Ancaq ortada digər bir danılmaz amili də unutmamalıyıq. Siyasətlə və ölkələrin siyasi baxışları, yaxud orientasiyaları ilə maraqlanan istənilən şəxs deyə bilər ki, sabah-birigün Ermənistan Qərbdən imtina edib yenidən Rusiyaya tərəf meyllənərsə bundan təəccüb etməyə dəyməz. Çünki bu reallıq Ermənistan siyasətinin ənənəvi tərkib hissəsidir. Misal üçün, ölkənin birinci prezidenti Levon Ter-Petrosyan Qərbin adamı olaraq çıxış edirdi və həmin vaxtlarda Qarabağ münaqişəsinin həll olunması, habelə rəsmi Bakının maraqları yönündə müəyyən qərarların qəbulunun mümkünlüyü mövcud idi. Lakin sonradan Ter-Petrosyanı Robert Köçəryanın əvəzləməsi, ardınca isə Serj Saqrsyanın hakimiyyəti ələ alması ölkənin Rusiyanın forpostu olması faktorunu möhkəmləndirdi. Nəticədə bununla münaqişənin həll olunması prosesi yenidən dalana dirənmiş oldu”.
B.Quliyev bildirdi ki, bu gün Ermənistanda hakimiyyətdə yenidən Qərbin uşağı deyilən Nikol Paşinyandır: “Və o, demək olar ki, Levon Ter-Petrosyanın yolu ilə gedir, özünü qərbyönümlü dövlət başçısı kimi təqdim edir. Bu vasitə ilə Rusiyanın ayağının altını qazır. Əslində, Ermənistan rəhbərliyinin ənənəvi yöndəyişmə siyasəti dəyişilməzsə, bu ölkənin müqəddəratının da böyük sual altında qaldığını bəri başdan söyləmək olar. Ola bilər ki, Rusiyanın regiondakı mövqeyi zəifləsin. Ancaq fakt budur ki, Ermənistan istəsə də, istəməsə də Rusiya bu regionun oyunçularından biridir. Qərbin minlərlə kilometrdən regiona daxil olmasına qarşı öz oyunlarını oynayacaq. Onda Ermənistanın çıxış yolu qalmayacaq, Kreml mütləq şəkildə Ermənistanı cəzalandıracaq”.
Politoloq onu da əlavə etdi ki, iki ölkə arasında gərginlik daha da artacaq.
Vidadi ORDAHALLI