ATƏT-in faktaraşdırıcı missiyasının nümayəndələri oktyabrın 23-də Zəngəzur administrasiyasında olublar. Regional administrasiyada beynəlxalq ekspertlər və ATƏT katibliyinin nümayəndələri ilə keçirilən görüşdə general-mayor Artak Budaqyan, “Zəngəzur “Biosfer Kompleksinin direktoru Arman Mkrtçyan və başqaları iştirak edib.
General-mayor Artak Budaqyan sərhəddəki vəziyyəti özlərinə xas formada təqdim edib. İddia edib ki, guya Azərbaycanın “təcavüzü” üzündən mülki infrastruktur hədəf alınır və insanlar bundan əziyyət çəkir. Beynəlxalq ekspertlər sərhədyanı yaşayış məntəqələri ilə bağlı bir sıra məsələlərlə, o cümlədən Qafan şəhərinin hava limanının fəaliyyəti ilə bağlı maneələrlə maraqlanıblar. Rayon rəhbərliyinin göstərişi ilə ATƏT nümayəndələri Şikəhoq kəndinə gedib, orada sakinlərlə görüşüb. Qubernatorun müavini Hayk Arutyunyan ümidvar olduğunu bildirib ki, bu faktlar beynəlxalq ekspertlərin hesabatlarına daxil ediləcək və missiya nümayəndələrinin fəaliyyəti mümkün yeni təcavüzün qarşısının alınmasında və regionda davamlı sülhün bərqərar olunmasında rol oynayacaq.
Görünən odur ki, Ermənistanın yerli və mərkəzi hakimiyyət orqanları ATƏT-in faktaraşdırıcı missiyasının nümayəndələrinin başını doldurmaq üçün hər vasitədən istifadə edirlər. Nümayəndələrlə təmaslarda onları təsir altına salmağa çalışırlar, öz maraqlarına uyğun informasiyaları verirlər. İndi görək ATƏT-in faktaraşdırıcı missiyasının nümayəndələrinin qiymətləndirməsi öz vicdanına, beynəlxalq hüquq normalarına əsasən ədalət prinsiplərinə söykənəcək, yoxsa erməni mərkəzi hakimiyyət orqanlarının onlara verdikləri yalan-palan informasiyalara söykənəcək. Onların ədalətsiz hərəkətləri, qərəzli hesabatları ATƏT-in Azərbaycan cəmiyyətində olan-qalan, azacıq da olsa son hörmət işartılarının məhvinə səbəb ola bilər.
“ATƏT hələ də tərəflər arasında hansısa vasitəçiliyə ümid edirsə, heç olmasa bu dəfə obyektiv hesabat hazırlasın”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun fikrincə, ATƏT missiyasının ədalətli hesabatla çıxış edəcəyi real görünmür: “Əfsuslar olsun ki, ədalətli bir hesabatın hazırlanacağına ümid yoxdur. Ən azından ona görə ki, ATƏT-in 30 il Qarabağ məsələsində sərgilədiyi ədalətsiz mövqe bizə yaxşı məlumdur. 2010-cu ildə Azərbaycanın təkidli tələbi ilə faktaraşdırıcı missiya viran qalmış rayonlarımızda monitorinq apardı. Ancaq ortaya qoyduqları hesabat erməni vandalizmini obyektiv şəkildə ifadə etmədi. Bu səbəbdən missiyanın ədalətli olacağına inanmıram. Digər tərəfdən biz görürük ki, Ermənistan tərəfi ATƏT nümayəndələrini ağına-bozuna baxmadan yönləndirməklə məşğuldur. Həyasızcasına deyirlər ki, bizim istədiyimiz məqamlar hesabatda öz əksini tapacaq. Bu, düpədüz nümayəndə heyətinin işinə müdaxilə deməkdir. Ancaq qəribədir ki, ATƏT nümayəndələri buna etiraz etmir. Hiss olunur ki, nümayəndə heyəti Ermənistan tərəfinin təsiri altına düşüb. Fikrimcə, ATƏT hələ də tərəflər arasında hansısa vasitəçiliyə ümid edirsə, heç olmasa bu dəfə obyektiv hesabat hazırlasın. Əks halda, Azərbaycanda bütün etibarını itirəcək. Zatən, elə bir hörmətləri də qalmayıb”.
Vidadi ORDAHALLI