İran Azərbaycana qarşı ərazi iddialarını gah mollaların, gah “hüseynçilərin”, gah jurnalistlərin, gah da “siyasətçilərin”, “ekspertlərin” dililə irəli sürür. Naxçıvana qarşı iddialarını hər zaman dilə gətirən İran bu dəfə jurnalistdən istifadə edib.
Absurd iddialarla çıxış edən iranlı jurnalist və "ekspert" Rza Abbasi “ilk öncə Naxçıvanı - İranın Qüdsünü azad etməliyik” deyə sərsəmləyib.
Abbasi öz Twitter hesabında Naxçıvandakı Cümə məscidinin fotosunu paylaşaraq yazıb:
“Bura Naxçıvandır. Göründüyü kimi, ilk növbədə İranın “Qüds”ünü azad etməli olacağıq”.
Mətbuatda qeyd edilənə görə, özünü “siyasi ekspert” kimi təqdim edən Rza Abbasi daim qatı anti-Azərbaycan çıxışlar edir.
İran hökuməti yenə də jurnalistin, medianın dili ilə Naxçıvana iddiasını irəli sürür.
İranın bu cür separatçı, bölücü çağırışları nədən qaynaqlanır?
“Naxçıvanla bağlı səsləndirilən iddianın heç bir əsası yoxdur”
AVCİYA-nın vitse-prezidenti, siyasi şərhçi, politoloq Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, müasir dövrdə İran-Azərbaycan münasibətlərinin kəskinləşməsində, ziddiyyətlərin daha da güclənməsində maraqlı olan qüvvələr var. “Ona görə də bu qüvvələr ortaya düşərək iki qonşu dövləti bir-birinə düşmən etməyə çalışır. Əvvəla, indiki dövrdə Azərbaycan-İran münasibətləri haqqında müsbət fikir demək çox çətindir. Çünki artıq münasibətlər qızışıb. Amma bütün hallarda hesab edirəm ki, yaxın gələcəkdə münasibətlər normallaşacaq, iki qonşu dövlət yenə də əvvəlki münasibətlərə qayıdacaq. Özünü “jurnalist”, “siyasi ekspert” kimi qələmə verib Naxçıvana qarşı iddia irəli sürən şəxsə bir məqamı xatırlatmaq istəyirəm. 2007-ci ildə ABŞ İrana müharibə élan etməyə çalışırdı və bu ölkəyə hərbi müdaxilə etmək üçün Azərbaycan ərazisindən istifadə etmək niyyətində idi. Həmin dövrdə Azərbaycan Prezidenti qeyd etdi ki, Azərbaycanla İran uzunmüddətli müştərək tarixə malikdir və Azərbaycan ərazisi iki ölkə arasındakı ziddiyyətləri həll edən məkan deyil, Azərbaycan əməkdaşlıq üçün hazırdır. O zaman bununla Amerikaya bildirdi ki, əgər sən İrana qarşı müharibəyə başlasan, bizim ərazimizdən keçərək qonşu müsəlman dövlətini bombalamağınıza imkan verməyəcəyik. İndiki dövrdə bir sıra ermənipərəst fars şovinist qüvvələri sərsəm fikirlər irəli sürürlər. Azərbaycan və İran tarixinə baxsaq, Sasanilər dövründən başlayaraq müasir dövrə qədər müştərək tariximiz var. Yəni bu tarix hər iki xalqa aiddir. Birinin bunu özünə götürüb o birisini ittiham etməsi tamamilə yanlışdır. İddilara gəlincə, Şimali Azərbaycanda yaranan Azərbaycan Respublikası daha çox haqlı iddia irəli sürə bilər. Çünki Azərbaycan xalqının 10 milyonu Şimaldadır, 30 milyonu isə Cənubi Azərbaycandadır. 1925-ci ilə qədər İranda hakimiyyətdə Azərbaycan-türk sülalələri olub. Səfəvilərə qədər də Qaraqoyunlu, Ağqoyunlu, onlardan sonra Səfəvilər, Əfşarlar, xanlıqlar dövründə isə parçalanmış dövləti bərpa etmək istəyən Qacarlar hakimiyyət sürüblər. Qaçarlar Cənubda mərkəzləşdirilmiş dövləti bərpa edə bildi, şimalda isə bərpa edə bilmədi. Çünki Çar Rusiyası imkan vermədi. Çar Rusiyası Şimalı Azərbaycanı işğal etdi. İndi Şimalda Azərbaycan xalqı öz mübarizəsi ilə müstəqil dövlətini yaradıb, Prezidentimizin də qeyd etdiyi kimi, Azərbaycan Respublikası təkcə burada yaşayan azərbaycanlıların deyil, dünyanın hər yerində yaşayan bütün azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğuldur. Təbriz, Ərdəbil, Zəncan, Əhər, Qaradağ, Sərab və başqaları Azərbaycan şəhəridir. Səttarxan, Bağır xan kimi qəhrəmanları, tarixi şəxsiyyətləri Azərbaycan xalqına bəxş etmiş, qəhrəman Babəkin Bəzz qalasının vüqarla ucaldığı Qaradağ vilayəti Azərbaycan vilayətidir. Farsalar sadəcə olaraq Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbəyə qısqanclıqla yanaşaraq qüvvədən düşmüş erməni dövlətini müdafiə etməklə, guya öz güclərini göstərmək istəyirlər”.
M.Zülfüqarlı qeyd edir ki, İrandan Azərbaycana qarşı səsləndirilən iddialar tamamilə əsassızdır və savadsız fars şovinstlərinin sərsəmləmələridir. “Naxçıvanla bağlı səsləndirilən iddianın heç bir əsası yoxdur, bu sərsəm bir fikirdir. Şah dövründə İranda savadlı tarixçilər var idisə, çox təəssüf ki, molla rejimində xurafata uğramış tarixçilər var ki, onların da fikri gülüncdür, heç bir elmi əsası yoxdur. Fikrimcə, sadəcə, olaraq bu cür sərsəm fikirlər irəli sürməkdənsə, Azərbaycanla İran arasında münasibətlərin normallaşmasına çalışmaq lazımdır” - deyə M.Zülfüqarlı bildirdi.
İradə SARIYEVA