Azərbaycanın qələbəsindən, Ermənistanla yanaşı, Fransanın da beyni silkələnib desək yanılmarıq. Çünki son iki ildə Fransada Azərbaycana qarşı saysız təxribatlar həyata keçirilib. Hər bir təxribatın altında da Azərbaycanın beynəlxalq səviyyədə tanınan, qəbul edilən suveren ərazilərinə qəsd dayanıb.
Separatçılara açıq-aşkar dəstək verən, qondarma rejimin dirilməsinə çalışan, ləğv edilmiş, tarixin arxivinə kömülmüş “Arsax” mövzusunu yenidən gündəmə gətirmək istəyən Fransa separatizmi körükləməklə özünü dünyada bədnam edir. Fransanın bu hərəkətləri yalnız Azərbaycana qarşı təxribat deyil, demokratik ənənələri olan bir dövlətin özünün əsl mahiyyətini büruzə verməsi, özünü ifşa etməsidir. Dünya bununla görür ki, “demokratik” Fransaın arxa üzündə əslində bir yırtıcı, separatçı dayanıb. Bu günlərdə Fransa Azərbaycana qarşı növbəti təxribat nümayiş etdirib. Belə ki, Fransanın Marsel şəhərində “Yaddaş Qaçış” Assosiasiyası və “Fransa Erməni Gəncləri” Birliyi Marsel bələdiyyəsi ilə birgə “həmrəylik” yarışı təşkil edib. Yarış “Ermənistanı və “Arsax”ı xilas edək” adı altında keçirilib.
Yarışda ümumilikdə 800 qaçışçı, o cümlədən Buş-dyu-Ron departamentinin Eks-Marsel-Provens şəhərinin sədri Martin Vassal, Fransa Milli Assambleyasının deputatı Ann-Lorens Petel və digər parlamentarilər, ölkənin nümayəndələri, şəhər rəhbərliyi, jurnalistlər, fransız erməniləri və adi fransızlar iştirak edib.
“Rəsmi İrəvan nə qədər tez Azərbaycanla sülh müqaviləsi imzalayarsa...”
Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə bildirdi ki, məğlub ordunun düşdüyü rəzillikdən sonra ermənilərin və fransızların qaçış yarışı keçirməsi və buna qondarma bir ad seçməsi çox gülünc görsənir. M.Göyüşlü qeyd etdi ki, Fransanın rəhbərliyində təmsil olunanların, ayrı-ayrı qurumun təmsilçilərinin, merlərin, senatorların, bələdiyyələrin ermənipərəst mövqeyi Azərbaycan xalqı üçün yeni bir məsələ deyil. “Bilirik ki, Fransada türkpərəstlikdən, Azərbaycanpərəstlikdən söhbət gedə bilməz. Bu səbəbdən də bəzən onların rəhbər şəxsləri obyektiv mövqe tutanda təəccüblənirəm ki, nə yaxşı bunlar Ermənistan-Azərbaycan münasibətlərinə, hadisələrə obyektiv yanaşırlar. Bu az hallarda baş verir. “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur və Qarabağ münaqişəsi də başa çatıb və biz böyük ölçüdə torpaqlarımızı geri qaytarmışıq. Xankəndi və ətraf ərazilərdə xarici qüvvələrin əlində oyuncağa, maşaya çevirilən erməni separatçıları qarışıqlıq yaratmağa çalışırlar. Amma bu da nəticə verəcək deyil. Ermənistanın “mifik” ordusunu məhv etmiş, “əyilməz” hərbiçilərinin dizini qatlamış Azərbaycan Ordusu, dövləti, xalqına bir ovuc separatçı heç nə edə bilməz. Zamanla o məsələni də həll edəcəyik. Ermənilərin Qarabağı “Arsax” adlandırmasına, onun ətrafında oyunlar qurmasına son vermələrinin vaxtıdır. Əks halda bu onlar üçün faciə ilə sonlanacaq. Necə ki, İkinci Qarabağ müharibəsində “Dəmir yumruğ”un zərbəsi altında əzildilər. Ona görə də, indi ermənilərin Marsel şəhərində hansısa bir qaçış yarışı keçirməsi və buna siyasi don geydirmək istəyi çox gülünc görsənir. Ermənilər hər zaman Fransanın, Rusiyanın, ABŞ-ın və başqa ölkələrin maşası olub və onlardan hər zaman istifadə olunub”.
M.Göyüşlü hesab edir ki, ermənilərin xilası hansısa bir oyuncaq yarışla bağlı ola bilməz, bunun üçün onlar məlum şərtləri yerinə yetirməlidir: “Ermənistanın və Qarabağdakı ermənilərin bir çıxış yolu var, onlar revanşizmdən, separatizmdən əl çəkməlidirlər. Rəsmi İrəvan nə qədər tez Azərbaycanla sülh müqaviləsi imzalayarsa bir o qədər tez bərpa olunar. Ermənistan nə qədər Fransanın və başqa ölkələrin əl buyruqçusu olacaqsa ona xilas yoxdur. Qarabağda yaşayan ermənilər də separatçılıqdan əl çəkib Azərbaycan vətəndaşları kimi yaşamalıdırlar. Bu onların xilası olacaq. Yoxsa hansısa bir yarış keçirib ordan müharibə çağırışı etmək, “Arsax”ın, Ermənistanın “xilas”ından dəm vurmaq sadəcə gülünc görsənir. Marseldəkilər də, Parisdəkilər də, başqa yerdəkilər də bunu yaxşı bilir”-deyə M.Göyüşlü vurğuladı.
İradə SARIYEVA