Əminəm ki, bugünkü səfər Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək. Bu münasibətlər çox dərin ənənələr üzərində qurulub.
Bunu Prezident İlham Əliyev oktyabrın 24-də Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıqdan sonra Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata bəyanatla çıxış edərkən deyib.
Dövlət başçısı bildirib:
"İlk növbədə, cənab Baş nazir, ölkənizə dəvət etdiyiniz üçün Sizə təşəkkür edirəm. Biz Gürcüstanın bu gözəl yerində görüşürük, çox gözəl mənzərəli yerlərdir. Eyni zamanda, küləkdir, sanki Bakı küləyidir. Bu, onu göstərir ki, külək də bu gün bizim burada olmağımızı alqışlayır. Yəni, mən doğrudan da özümü evimdəki kimi hiss edirəm. Mən yenidən Gürcüstanda olmağımdan çox məmnunam.
Cənab Baş nazirlə bizim görüşlərimiz tez-tez keçirilir. Təkcə keçən il hörmətli cənab Qaribaşvili iki dəfə Azərbaycanda səfərdə olub. Eyni zamanda, beynəlxalq təşkilatların keçirdiyi tədbirlər çərçivəsində də biz daim görüşürük. Əminəm ki, bugünkü səfər Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək. Bu münasibətlər çox dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulubdur".