Rusiya Baş nazirinin müavini Aleksey Overçuk “Made in Russia 2022” ixrac forumunda çıxışı zamanı Azərbaycanın rolunu xüsusi qeyd edib. Overçukun fikrincə, bu gün məhz Cənubi Qafqazda “Şimal-Cənub” və “Şərq-Qərb” əsas beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsi formalaşır.
Digər tərəfdən Overçuk açıq şəkildə Ermənistana eyham vurub ki, əgər razılaşmasalar İran üzərindən alternativ var: “Bu baxımdan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında Ermənistan və ya İran ərazisilə nəqliyyat əlaqələrinin açılması mühüm rol oynayacaq. Bu gün Azərbaycan və İran sərhəddə iki ölkənin avtomobil yollarını birləşdirəcək və Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında ən qısa və rahat hərəkəti təmin edəcək körpülərin tikintisinə başlayıblar. Mehridən dəmir yolu və avtomobil yolunun çəkilməsi Ermənistanın mövqeyindən asılıdır. Eyni zamanda, artıq İran ərazisindən Ermənistandan yan keçməklə yol çəkilir, yəni təxminən 2024-cü ilə qədər yol olacaq və o, İran, Türkiyə və daha sonra Avropa bazarlarına çıxışı təmin edəcək”.
Bütün bunlar o deməkdir ki, Ermənistan yaranan bu fürsətdən istifadə etməlidir. Bu da Zəngəzur dəhlizinin açılmasından keçir. Əks halda itirən yenə Ermənistan olacaq.
Məsələyə münasibət bildirən millət vəkili Vüqar Bayramovun fikrincə, Azərbaycan “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin reallaşmasına regionda töhvə verən ölkədir: “Zəngəzur dəhlizinin reallaşması ilə bağlı aparılan danışıqlar, eyni zamanda işğaldan azad edilən ərazilərdə aparılan infrastruktur işləri Azərbaycan üzərindən daşınan yüklərin daha da artmasına gətirib çıxaracaq. Praktik olaraq bu, həm də ölkəmiz üçün yeni ixrac imkanları deməkdir. Çünki nəqliyyat və logistikanın inkişaf etməsi imkan verir ki, Azərbaycan daha çox qeyri-neft məhsullarını ixrac edə bilsin. Həm qonşu, həm də Avropa bazarına çıxara bilsin. O baxımdan, infrastrukturun inkişaf etməsi, yeni dəmir və avtomobil yollarının tikilməsi, kommunikasiya xətlərinin açılması ilə bağlı aparılan danışıqlar mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın sərgilədiyi konstruktiv mövqe Cənubi Qafqazın beynəlxalq yükdaşımalarda rolunun artmasına xidmət edir. Həmçinin, “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin region üzərində daha effektli şəkildə reallaşmasına xidmət edir. Son statistika göstərir ki, bu il Azərbaycan üzərindən yükdaşımalar 65 faiz artıb. Bütün bunlar onu göstərir ki, bəzi məsələlər Ermənistandan asılıdır. Əgər Zəngəzur dəhlizinin açılmasına maneə törətməsələr, Ermənistan da iqtisadi baxımdan bundan qazanacaq. Ermənistan razı olmasa, Azərbaycan İran üzərindən beynəlxalq yükdaşımaları həyata keçirəcək. Bu o deməkdir ki, nəticə etibari ilə Azərbaycan yenə öz məqsədlərinə çatacaq”.
Millət vəkili onu da əlavə etdi ki, istənilən halda Azərbaycan itirən tərəf olmayacaq.
Vidadi ORDAHALLI