İran Azərbaycanla sərhədə qoşunlarını cəmləşdirib və genişmiqyaslı hərbi təlimlər keçirməkdədir. Bir çox ekspertlər bildirirlər ki, bu, Azərbaycana əzələ nümayişi, siyasi mesaj xarakteri daşıyır. Çünki bu gün İranın Araz çayı vadisində belə miqyaslı hərbi təlimlərə vacib ehtiyacı görünmür.
İran daxilində xalqın rejimə qarşı etirazları hər gün daha da çoxaldığı bir vaxtda İran daxili məsələlərinə köklənməlidir. Lakin əksinə, İran daxildəki gərginliyi azaltmaq əvəzində Azərbaycan sərhədinə qoşun yığmaqla regionda gərginliyin artmasına zəmin yaradır.
Ola bilərmi ki, İranın bu addımları həm də Cənubi Azərbaycanda etirazların qarşısını almağa yönəlib? Yəni ordunu sərhədə yığmaqla molla rejimi həm də həmin bölgədəki etirazçılarda bir xof yaradır?
Demokratik Dəyişim Partiyasının sədri Əli Mustafa “Bakı-Xəbər”ə bildirdi ki, İranın bizimlə sərhədə qoşun yığması sağlam məntiqə uyğun olmamaqla yanaşı, həm də yaxın qonşuluq siyasəti ilə heç cür uzlaşmır: “ Rusiyanın bölgədəki mövqeyi bir qədər zəifləyib. Çünki Rusiya əsas gücünü Ukrayna istiqamətinə qoyub. Bundan istifadə edən İran və Fransa əlbir siyasət yürüdərək, Ermənistana sahiblənmək istəyirlər. İran bunu hərbi cəhətdən, Fransa isə diplomatik müstəvidə həyata keçirir. İran Azərbaycanı açıq formada təhdid etməklə Ermənistanı dəstəkləyir. İranın daxilində də problemlər var. Həmin problemləri ört-basdır etmək üçün hansısa xarici faktorla manipulyasiya edir. Yəni qoşunu bölgəyə yığmaqla həm də, Cənubi Azərbaycanda xof yaratmağa çalışır. Burada İran-Türkiyə qarşıdurması yaratmağa çalışanlar da var. Türkiyəni provokasiyaya çəkmək üçün müxtəlif istiqamətdən cəhdlər edilir. Biz bunu Yunanıstan istiqamətindən də görürük. Bilirlər ki, İran bizə qarşı hansısa addım atmağa çalışacaqsa, Türkiyə də birmənalı olaraq bizi müdafiə edəcək. Gerçəklik bundan ibarətdir ki, İran doğrudan da dünyaya təhdid yaradır. Onun Rusiyaya satdığı dronlarla Ukraynaya vurduğu ziyan göz qabağındadır. Artıq Ermənistana da dronlar satmağa hazırlaşır. Qafanda konsulluğun açılması da təsadüfi deyil. İranın bu hərəkətlərini beynəlxalq güclər başa düşməlidir. Xüsusilə də, İsrail və ABŞ İranın hərbi sənayesini dayandırmalıdır. İstisna deyil ki, Rusiya İrana nüvə silahı əldə etmək istiqamətində də dəstək verir. İran nüvə dövlətinə çevrilərsə, nəinki region, ümumilikdə bütün dünya üçün təhlükəyə çevrilmiş olacaq. İran-Ermənistan və İran-Rusiya əməkdaşlığı göz önündədir. Dünya gücləri Azərbaycana ciddi təhdidlərin olduğunu nəzərə almalıdır”.
Məhəmmədəli QƏRİBLİ