İrəvanda səfərdə olan İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Mirzoyan deyib ki, Azərbaycanın “təcavüzkar hərəkətləri sülh uğrunda səmimiliyi şübhə altına alır”. Mirzoyan sülh danışıqlarında proqresin olmamasına görə Bakını ittiham edib. O, real proqres yolunda əsas əngəl kimi “Azərbaycanın maksimalist mövqeyini və Ermənistanla qarşılıqlı məqbul qərarlara nail olmaq istəməməsini” göstərib: “Mən Azərbaycanın 13-14 sentyabr tarixlərində Ermənistan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı törətdiyi genişmiqyaslı təcavüzün təfərrüatlarına və nəticələrinə toxundum”.
Daha sonra Mirzoyan əlavə edib ki, İranın Ermənistanın ərazi bütövlüyünə çox dəstək verməsindən məmnundur: “Biz dost İranın Ermənistanın ərazi bütövlüyü ilə bağlı prinsipial və aydın mövqeyini, eləcə də İran tərəfinin regionda sabitlik və sülhün bərqərar olmasına yönəlmiş səylərini yüksək qiymətləndiririk”.
Mirzoyan əvvəl danışır ki, sentyabrın 13-14-də Azərbaycanın bizə qarşı təcavüzünü, ərazilərimizi tutduğunu, suverenliyimizi pozduğunu müzakirə etdik. Daha sonra deyir ki, İranın Ermənistanın ərazi bütövlüyünü dəstəkləməsindən mənmunuq.
Maraqlıdır, İran Ermənistanın hansı ərazi bütövlüyünü dəstəkləyir? Ermənistanın ərazi bütövlüyünü hansı təhlükədən qoruyur, nə təhlükə var ki? Ermənistanın ərazi bütövlüyü harda pozulub, kim pozub?
“Azərbaycan dövləti heç bir dövlətin ərazisini işğal etməyib”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, mifik təsəvvürlərlə yaşayan erməni siyasətçiləri mövcud reallıqları dərk etmək gücündə deyil: “İran və Ermənistan diplomatları bir çox hallarda guya bu iki dövlət arasında "minillik əlaqədən" bəhs edirlər. Bu uydurma məlumatlar hələ sovetlər dövründə nəşr olunmuş Ermənistan Sovet Ensiklopediyasında alt-üst olunub. Kitabda aydın şəkildə izah verilir ki, orta əsrlər dövründə indiki Ermənistan ərazisində 500 illik hökmranlıq dövrü türklərə məxsusdur. Kitabda hər bir hökmdarın hakimiyyət dövrləri izahlarla öz əksini tapır. Bu faktı hələ o zamanlar erməni alimləri inkar edə bilməmişdilər. İndi İranla minillik əlaqələrdən danışmaq ermənilərin uydurma tarix yaratmaq “sevdasından” irəli gəlir. Bunu İranın siyasətçilərinin də dilə gətirməsi ayrı dərddir. İran görün nə günə qalıb ki, ermənilər üçün saxta tarix yaratmaqla heç bir tarixi mənbələrə əsaslanmayan uydurma yalanlara çox gülünc şəkildə şəriklik etmək məcburiyyətində qalıb. İran rəsmiləri çox yaxşı bilirlər ki, ermənilər Cənubi Qafqaza 1828-ci ildən köçürülüblər. Tarixi mənbələr də ən azından İran arxivlərində saxlanılır. Bunu bilə-bilə ermənilərlə minillik tarixdən danışmaq İran və erməni rəsmilərini gülünc vəziyyətə salıb. O ki qaldı Ermənistanın İranın xarici işlər naziri Ararat Mirzoyanla iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşündən sonra verdiyi açıqlamalarına, onun söylədiyi faktlar cəfəngiyatdan başqa bir şey deyil. Azərbaycan dövləti heç bir dövlətin ərazisini işğal etməyib. Belə yerdə deyirlər :"Öz adını özgəyə qoymaq". Ermənilər Azərbaycan ərazilərini illərlə işğala məruz qoyduqlarıı üçün belə məsələlərdən siyasi spekulyasiyalara yol verməklə diqqəti başqa istiqamətə yönləndirmək istəyirlər. Bunlar yalanlarına özlərinə oxşar (İran, Fransa) dövlətləri qoşmaqla “yazıq erməni” obrazı yaratmağı düşünürlər. Bu isə mümkün deyil”.
Sədr müavini onu da əlavə etdi ki, Ermənistan rəsmiləri yalan təbliğat aparmaqla reallığı dəyişə bilməyəcəklər.
Vidadi ORDAHALLI