Erməni mətbuatında yayılan məlumata görə, Rusiyadan Qarabağa köçən erməni milyarder Ruben Vardanyan Arayik Arutyunyanın təklifini qəbul edib. O, noyabrın əvvəlində separatçı qurumun "dövlət naziri" vəzifəsinin icrasına başlayacağını bildirib.
Bu barədə Vardanyan Facebook səhifəsində məlumat verib. Yaradılan görüntüyə görə, milyarder Vardanyan Qarabağ separatçılarının rəhbərliyini rəsmən ələ keçirməyə başlayır...
Separatçılar bununla nə demək istəyirlər? Məqsədlərinə nail olacaqlarınamı inanırlar, yoxsa bununla özlərini bilərəkdən aldadırlar? Nəyə ümid edirlər ki?
"...Araik öz yalanlarını ört-basdır etmək üçün “mədəni” şəkildə vəzifəsini Rubenə təhvil verərək aradan çıxmaq istəyir”
Məsələ ilə bağlı SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Rusiya vətəndaşlığından imtina edərək bir müddət əvvəl “Qarabağı xilas etmək naminə” Xankəndidə məskunlaşan milyarder Ruben Vardanyanın təcili olaraq Xankəndini tərk edib Moskvaya getməsi barədə məlumat yayılmışdı:"Oktyabrın 20-də Vardanyan Azərbaycanın Qarabağ bölgəsindəki işğalçı rejimdə “dövlət naziri” postu tutmağa razılaşıb. Məlumata görə, o, oktyabrın 20-də yaydığı açıqlamada fəaliyyətə noyabrın əvvəlində başlayacağını bəyan edib.
Yada salaq ki, bir neçə gün əvvəl separatçı rejimin başçısı Araik Arutyunyan ona “ən geniş səlahiyyətlərə” malik “dövlət naziri” (“hökumət başçısı”) vəzifəsi təklif etmişdi. Bununla belə, Vardanyan sosial şəbəkələrdə bildirmişdi ki, hələlik yalnız təklifi nəzərdən keçirir, çünki onun Qarabağdakı mövqeyi təkcə “yuxarıdan gələn təkliflər” əsasında deyil, həm də “xalqın iradəsi əsasında” olmalıdır. Qeyd edək ki, Vardanyana “vəzifə” oktyabrın 6-da Praqada keçirilən dördtərəfli danışıqlar ərəfəsində təklif edilib".
B.Quliyev bizə açıqlamasında bildirdi ki, sözügedən məsələdə separatçı rejimin başçısı Araik Arutyunyanın milyarder Ruben Vardanyana olan təklifi xaricdən idarə olunan bir plandır: “Ruben Vardanyan “dövlət naziri” vəzifəsinə razılaşdısa, demək, Araik Arutyunyanın istefa verməsi ehtimalı artdı. Bu zaman Araik Arutyunyanın “vəzifəsi” avtomatik Ruben Vardanyana keçəcək. Arayikin burada yeganə qazancı könüllü şəkildə qondarma hakimiyyəti təhvil verib getməsidir. O artıq mövcud vəziyyəti bilir və sonunun da heç yaxşı olmayacağını anlayır. Bir sözlə, Araik öz yalanlarını ört-basdır etmək üçün “mədəni” şəkildə vəzifəsini Rubenə təhvil verərək aradan çıxmaq istəyir... Qarabağdakı ermənilərin gələcəyi onların öz əlindədir, istəsələr, orada qalıb digər etniklər kimi Azərbaycan vətəndaşları olaraq yaşaya bilərlər. İstəməsələr, Vardanyanla məsləhətləşərlər, o haranı desə, ora da gedərlər. Yəni bu, Qarabağda Rusiya hərbi kontingentinin müvəqqəti kontrolu altında yaşayanların artıq şəxsi işləridir. Məncə, Vardanyan məhz bu baxımdan öz soydaşlarının işinə daha çox yarayar. Sözügedən tiplə bağlı digər planlar alınmayacaq. Çünki Azərbaycan ona imkan verməyəcək".
İradə SARIYEVA