Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib ki, Ermənistana yardım məsələsinə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasında baxılacaq:
“Hazırda KTMT Kollektiv Təhlükəsizlik Şurasının yaxın vaxtlarda növbədənkənar sessiyasının keçirilməsi məsələsi üzərində iş aparılır. Görüş zamanı üzv ölkələrin liderlərinin videokonfrans vasitəsilə KTMT-nin Ermənistandakı missiyasının işinin nəticələrini müzakirə edəcəkləri gözlənilir. Onlar KTMT Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında qərar layihəsinə baxmalıdırlar. Bu mövzuda əlavə məlumat KTMT katibliyi vasitəsilə veriləcək”.
Qeyd edək ki, Ermənistan dəfələrlə KTMT-ni Azərbaycanla bağlə prosesə cəlb etmək istəsə də, niyyəti puça çıxıb. Buna görə KTMT-dən incik düşüb, hətta ordan çıxa biləcəyi ilə bağlı mesajlar da verir. Vəziyyət o yerə çatdı ki, İrəvan KTMT-nin monitorinq missiyasının fəaliyyətinə etibar etməyərək, prosesə müxtəlif adlar altında Avropanın qiymətləndirmə missiyalarını cəlb edir.
Belə olan təqdirdə, Zaxarova KTMT-nin Ermənistana hansı yardımı edə biləcəyini nəzərdə tutur?
Hərbi-siyasi şərhçi Emin Həsənli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, KTMT-də təmsil olunan ölkələrin Azərbaycanla çox gözəl ikitərəfli münasibətləri var: “Rusiya ilə biz strateji müttəfiqlik haqda müqavilə imzalamışıq. KTMT-də aparıcı ölkə məhz Rusiyadır. Ermənistana o təşkilatın adından hır hansı hərbi, təşkilati yardımın edilməsi Rusiya ilə bizim aramızda olan müttəfiqliyin ruhuna zidd olar. Belə bir addımın atılması hətta Azərbaycanla Rusiya arasındakı müttəfiqliyi dayandıra bilər. Qurumda təmsil olunan Qazaxıstan və Belarusla da bizim gözəl münasibətlərimiz var. Onlar da heç vaxt belə qərara səs verməzlər. Bunun başqa bir səbəbi də Ermənistan hakimiyyətinin eyni anda bir neçə stulda oturması ilə bağlıdır. Fransa və ABŞ-la bir müttəfiqlik görüntüsü yaratmağa çalışır. Qərbi regiona gətirmək istəyir. Onların bu qeyri-səmimiliyini Rusiya hakimiyyəti gözəl bilir və bundan ciddi nəticələr çıxarır. Azərbaycan isə balanslı siyasət aparır. Dünya gücləri ilə uzun illərə söykənən bərabərtərəfli əməkdaşlıqlar mövcuddur. Artıq Azərbaycanın dostlarına, müttəfiqlərinə necə səmimi olduğu dəfələrlə sınanılıb. Bizdən heç bir ölkə digərinə qarşı istifadə etmir. Bizim ölkə poliqona yox, əməkdaşlıq məkanına çevrilib. Belə cəhdlər olsa da, biz buna imkan verməmişik. Azərbaycanın keçirdiyi hərbi paradda bir-biri ilə münasibətləri olmayan ölkələrin hərbi attaşeləri belə yan-yana durub tədbiri izləyiblər. Dəfələrlə NATO və Rusiyanın Baş Qərərgah rəisləri məhz Bakıda görüşüblər. Fransa təşəbbüs etdi, BMT TŞ-də nəyəsə nail ola bilmədi. KTMT-də bizə qarşı cəbhə açmaq ümumiyyətlə mümkün olmayacaq. Bizə qarşı açıq mübarizəyə yalnız Fransa girişib. Bu da Makronun təcrübəsiz şəxs olmasından irəli gəlir. Ermənistan dəfələrlə KTMT kartından yararlanmaq istəyib, ancaq buna şərait yaradılmayıb. İndi də qurumdan çıxacağı ilə bağlı KTMT-ni şantaj edir. Heç bir faydası yoxdur”.
Məhəmmədəli QƏRİBLİ