Azad olunmuş ərazilərdə inşaat, yol çəkilişi işlərində Türkiyə şirkətləri bizimlə bərabər çalışır.
Bunu Prezident İlham Əliyev oktyabrın 20-də Cəbrayılda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatla çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Bütün bu şanlı tarix bizim müştərək tariximizdir. Çünki İkinci Qarabağ savaşının ilk saatlarından əziz qardaşım, Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam edirdi. Bu, bizə əlavə güc verirdi, bu, bəzi qüvvələrin bu məsələyə müdaxiləsinin qabağını alırdı. Türkiyə-Azərbaycan birliyi bir daha zəfər çaldı. Bu gün biz bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyini görürük. Genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Bu gün əziz qardaşımla bərabər həm dəmir yolunun inşası ilə tanış olduq, “Dost Aqropark”ın açılışını birlikdə qeyd etdik. Bu da bu bölgəyə birinci özəl sərmayədir və bu aqroparkın adı da - “Dost Aqropark” özlüyündə hər şeyi deyir. İnşaat, yol çəkilişi işlərində Türkiyə şirkətləri bizimlə bərabər çalışır. Biz Türkiyə şirkətlərinə minnətdarıq ki, qısa müddət ərzində böyük işlər görür. Yolların, - yolların bir hissəsi artıq hazır vəziyyətdədir, - dəmir yolları, eyni zamanda, 33 tunelin inşası nəzərdə tutulmuşdur. Onların bir neçəsində fəal iş gedir. Tunellərin ümumi uzunluğu 50 kilometrdən çoxdur, 84 körpü tikiləcək, onların bir qismi inşa edilmişdir. Körpülərin ümumi uzunluğu 12 kilometrdir. Bu, ancaq birinci mərhələdə görülən və görüləcək işlərdir. Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək və biz bunu edəcəyik".