Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda tikilən 2-ci hava limanı oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qatıldığı mərasimlə istifadəyə verildi. Qeyd edək ki, Prezident Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanına enən ilk dövlət başçısı oldu.
Məlumat üçün bildirək ki, Zəngilanda beynəlxalq hava limanının inşası 2021-ci ilin yazında başlanıb. Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad edilən Azərbaycan ərazisində Füzuli Beynəlxalq Hava Limanından sonra inşa olunmuş 2-ci hava limanıdır.
Zəngilan Hava Limanı texniki cəhətdən tam komplektləşdirilib, bütün tələb olunan aeronaviqasiya avadanlıqları ilə təmin edilib, hava hərəkətini avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilən HHİ qülləsinin tikintisi başa çatdırılıb.
Zəngilan beynəlxalq hava limanının uçuş-eniş zolağının uzunluğu 3 000 metr, uzunluğu isə 60 metrdir.
“Şərqi Zəngəzurda turizm potensialı yüksək olduğundan, bu hava limanının tikilməsi yerli və beynəlxalq uçuşlar baxımından əhəmiyyətlidir”
Zəngilan Hava Limanının əhəmiyyəti, bölgənin inkişafı və təhlükəsizliyinin təmin olunması sahəsində oynacağı rol barədə danışan millət vəkili Vüqar Bayramov qeyd etdi ki, Bakıdan Şərqi Zəngəzura 45 dəqiqəyə çatılacaq: “Bu gün açılışı baş tutan Zəngilan Beynəlxaq Hava Limanı bu imkanı bizlərə yaşadacaq. Azərbaycan 2 ildən qısa müddətdə işğaldan azad olunan ərazilərimizdə ikinci beynəlxalq hava limanını istifadəyə verir. Bu, ölkəmizin gücünü göstərməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun intensiv bərpa olunduğundan və eləcə də həmin bölgələrdə təhlükəsizlik tədbirlərinin daha gücləndirildiyindən xəbər verir”.
Millət vəkilinin sözlərinə görə, oktyabrın 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi ikinci dəfə azad Qarabağa eniş etdi: “Qardaş ölkənin rəhbəri Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak edib. Regionda baş verən iqtisadi və geo-siyasi dəyişikliklər işğaldan azad olunan ərazilərimizdə 3 hava limana niyə ehtiyacın olduğunu bir daha təsdiq etdi. Hər 3 hava limanı bütün növ təyyarələri qəbul edə biləcək. Zəngilan Hava Limanı həm iqtisadi, həm də strateji baxımdan ən vacib layihələrdən biridir. Zəngilan iqtisadi və turizm baxımından böyük potensiala malik rayondur. Burada istehsal olunan məhsullar ölkəmizdə istifadə olunmaqla yanaşı, birbaşa xarici ölkələrə çıxarıla biləcək. Zəngilan Hava Limanı yaxın gələcəkdə istifadəyə veriləcək Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Bundan sonra hava limanı şərq-qərb, şimal-cənub nəqliyyat dəhlizlərinin də elementinə çevriləcək. Bu da, Zəngilan daxil olmaqla, həmin ərazilərimiz vasitəsilə daşınan beynəlxalq yüklərin həcminin artmasına və Azərbaycanın daha çox gəlir əldə etməsinə imkan verəcək. Şərqi Zəngəzurda turizm potensialı yüksək olduğundan, bu hava limanının tikilməsi yerli və beynəlxalq uçuşlar baxımından əhəmiyətlidir”.
Günel CƏLİLOVA