Məlum olduğu kimi, Ağdamla Xirosima şəhərləri arasında əməkdaşlıq inkişaf etdiriləcək. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyəti 166 ölkədən 8 123 şəhərin üzv olduğu “Mayors for Peace” təşəbbüsünün 10-cu ümumi konfransında iştirak çərçivəsində Yaponiyanın Xirosima şəhərinə səfər edib.
Konfransdan öncə xüsusi nümayəndə Emin Hüseynovla Xirosima şəhərinin meri Kazumi Matsui arasında görüş keçirilib. Görüş zamanı Ağdam rayonunun tarixi və mədəniyyəti, 30 il ərzində torpaqlarımızda törədilən vandalizm aktları, 44 günlük şanlı Vətən müharibəsində qazanılan qələbə və hazırda davam edən yenidənquma və bərpa prosesləri haqqında məlumat verilib, gələcəkdə Ağdamla Xiroşima şəhərləri arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üzrə konkret məsələlər müzakirə olunub.
Qeyd edək ki, 2008-ci ildə Ağdam şəhəri “Lonely Planet” nəşri tərəfindən “Qafqazın Xirosiması” adlandırılıb.
Görüş zamanı Ağdamla Xiroşima şəhərləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Bu əməkdaşlığın Ağdamdakı erməni vəhşiliyinin dünyada yaxşı tanıdılması istiqamətində nə kimi rolu olacaq? Ümumiyyətlə, bu cür tədbir və əməkdaşlıqlar Ağdamın bərpa və inkişafına xaricdən investisiya cəlb olunma prosesinə necə təsir edə bilər?
“Ağdam ilə Xirosima şəhərləri arasında əməkdaşlığın yaranması müsbət nəticələrə səbəb ola bilər, bu əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də…”
Siyasi şərhçi Azər Həsrət bizimlə söhbətində qeyd etdi ki, Ağdam dünyaya “Qafqazın Xirosiması” kimi tanıtdırılır: “Ağdamda olanlar da buna əmin olur. Danılmaz faktdır ki, bu şəhərdə daş-daşın üstündə qalmayıb, böyük bir şəhər yerlə yeksan edilib. Sanki Ağdama atom bombası atılıb. Xilas ola biləcək heç bir tikili qalmayıb. Onu da qeyd etmək lazımdır ki, Ağdamda tək tikililər dağılmayıb, mənfur ermənilər oranın təbiətini, mədəniyyətini dağıdıblar. Ağdamla Xirosimanın müqayisə edilməsi üçün həddən çox fakt var. Həmin faktları müqayisə edərək dünyaya təqdim etməklə effektiv bir nəticə əldə etmək olar”.
Həmsöhbətimiz hesab edir ki, tək Ağdam deyil, işğaldan azad edilmiş bütün ərazilərlə bağlı bu cür addımlar atılmalıdır: “Şəxsən mən uzun illərdir Xocalı faciəsi ilə İkinci dünya müharibəsi zamanı alman faşistlərinin soyqırıma uğratdığı Xatın kəndini müqayisəni beynəlxalq ictimaiyyətə təqdim edirəm. Alman faşistləri Xatın kəndində dinc əhaliyə qarşı nə etmişdilərsə, Xocalıda da ermənilər eyni əməli törətdilər. Bu cür müqayisələr çox effektiv nəticə verə bilər”.
A.Həsrətin sözlərinə görə, Ağdamla Xirosima şəhərləri arasında əməkdaşlığın yaranması müsbət nəticələrə səbəb ola bilər. Bu əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də sosial baxımdan əhəmiyyətlidir: “Bu əməkdaşlıq sayəsində Ağdamın bərpasına, inkişafına xarici investisiyalar yatırılacaq”.
Günel CƏLİLOVA