Məşhur konqresmen Frenk Pallone Ermənistan İctimai Televiziyasına müsahibə verib. Müsahibəsində Pallone bir sıra məqamlara toxunub.
O qeyd edib ki, Ermənistan Avropa İttifaqının üzvü olsaydı və NATO ilə daha sıx əlaqələr qursaydı, bundan faydalanardı. Onun sözlərinə görə, bəlkə də indi bu istiqamətə baxmağın vaxtıdır, çünki adamda “Rusiya təhlükəsizlik paktına Ermənistan daxil deyil” təəssüratı yaranır. O, həmçinin əmin edib ki, Rusiya resursları Ukrayna müharibəsi nəticəsində tükənib və bəlkə o, hətta Ermənistana kömək etmək istəsə də, bunun üçün lazımi resurslara malik olmayacaq.
Pallone onu da deyib ki, Qərbin Qarabağla bağlı təklif etdiyi tənzimləmə planı Rusiyanın planından fərqlidir. Onun sözlərinə görə, Qərbin təklif etdiyi tənzimləmə planında erməni mədəni irsinin məcburi şəkildə qorunub saxlanılması və erməni əhalisinin təhlükəsizliyinə təminat verilməklə Azərbaycanın tərkibində Qarabağa muxtariyyətin verilməsini nəzərdə tutur: “Azərbaycan da Rusiya və digər ölkələr kimi başa düşməlidir ki, Sovet İttifaqı dövründə muxtar vilayətlər olub. Həm də söhbət təkcə Dağlıq Qarabağdan getmir. Bəli, Azərbaycan Respublika idi, amma Qarabağ da muxtar vilayət idi. Və bu davam etməlidir. Yəni Azərbaycan sülh müqaviləsinin iştirakçısı kimi anlamalıdır ki, Qarabağın statusu var və orada erməni mədəniyyətini və xalqını qorumaq üçün ona hansısa muxtariyyət verilməlidir. Status məsələsi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə salınmalıdır”.
Pallonenin Qarabağ tənzimlənməsi ilə əlaqədar Qərbin planı ilə bağlı fikirləri diqqət çəkir. Bəlli olur ki, Qərb Qarabağa muxtariyyət verməyi prioritet hesab edir. Bir növ, Pallone bununla Qərbin Qarabağla planının sirrini açır. Baxmayaraq ki, Azərbaycan Qarabağ ermənilərinə hər hansı statusun verilməsini inkar edir, amma Qərbin planlarında status məsələsinin prioritet olduğu ortaya çıxır.
“Bu ilk baxışdan erməni diasporunun diqqətini cəlb edən fikirlər olsa da, əslində Qərbin belə istəkləri var”
Məsələyə münasibət bildirən politoloq Tural İsmayılovun fikrincə, bu gün ABŞ-dakı erməni lobbisi ilə Rusiyadakı erməni diasporu arasında çox ciddi fikir ixtilafları mövcuddur: “Məhz bu ciddi fikir ixtilafları və çəkişmələr fonunda iki diaspor arasında ciddi ixtilaflar yaşanır. Frenk Pallone, Nensi Pelosi və digərləri erməni çirkli pullarından bəhrələnən şəxslərdilər. Bu isə o deməkdir ki, sözügedən şəxslər obyektivlikdən, demokratiyadan uzaq olan şəxslərdir. Pallonenin Qarabağla bağlı fikirləri təhlükəli məqamlardan xəbər verir. Bu, ilk baxışdan erməni diasporunun diqqətini cəlb edən fikirlər olsa da, əslində Qərbin belə istəkləri var. Məsələ ondadır ki, Qərbin Azərbaycan-Ermənistan münasibətlərinə nüfuz etmək planları var. 30 il ərzində heç nəyə yaramayan ATƏT-in Minsk Qrupunun yenidən dirçəltmək cəhdi də ststus məsələsinə hesablanıb. Bunun baş tutmayacağını görən ABŞ, hətta Avropa Şurası prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşlərə qısqanclıqla yanaşır. Vaşinqton hansısa formada Cənubi Qafqazda təmsil olunmağa çalışır. ABŞ Erməni Milli Komitəsinin proseslərlə bağlı fikirləri birbaşa Dövlət Departamentinin tezisləri əsasında formalaşır. İstənilən halda, Qərbin Qarabağa muxtariyyət istəyi doğru deyil. Çünki Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Qarabağa hansısa statusun verilməsindən söhbət gedə bilməz. Orada yaşayan etnik ermənilərin məsələsi Azərbaycanın daxili işidir”.
Bir sözlə, politoloq hesab edir ki, ABŞ-ın muxtariyyətlə bağlı istəkləri həyata keçməyəcək.
Vidadi ORDAHALLI