Məlum olduğu kimi, ABŞ Konqresinin Nümayəndələr Palatasının Demokratik Tərəfdaşlıq Komitəsinin sədri Devid Praysın başçılıq etdiyi nümayəndə heyəti Ermənistanda səfərdədir. Ermənistanda səfərdə olan konqresmenlər İrəvana çatar-çatmaz, Ermənistanın baş naziri Nikol Paşinyan və digər rəsmilərlə keçirdikləri görüşlərdə Azərbaycanı ittiham ediblər.
Nümayəndə heyətini qəbul edən Paşinyan konqresmenlərə Azərbaycandan da şikayətlənib, sərhəddə baş verən sentyabr döyüşlərindən danışıb. O, ABŞ-dan adekvat reaksiya gözlədiyini bildirib. Eyni zamanda, Qarabağ ermənilərinin hüquqlarının qorunmasının vacibliyini qeyd edib.
Konqresmen Prays Azərbaycan əleyhinə fikirlər səsləndirib. Azərbaycanın Ermənistanın suveren ərazisini “işğal etməsini” qəbuledilməz adlandırıb və silahlı qüvvələrin dərhal öz ilkin mövqelərinə qaytarılmasının zəruriliyini qeyd edib. Konqresmenlər Azərbaycan hərbçilərinin erməni əsgərlərinə qarşı “qeyri-insani” münasibətini də pisləyib bu kontekstdə erməni hərbi əsirlərin geri qaytarılmasının vacibliyini qeyd ediblər: “Biz Ermənistanın suveren ərazisində baş vermiş işğalın əleyhinəyik və Azərbaycanın öz əvvəlki mövqelərinə qayıtmasını tələb edirik. Biz həmçinin başa düşürük ki, Birləşmiş Ştatların, xüsusən də beynəlxalq ictimaiyyətə rəhbərlik etməklə, beynəlxalq təşkilatlarla işləmək, bu uzanan münaqişənin həllini təmin etmək üçün görəcəyi işlər var”.
Görünən odur ki, ABŞ konqresmenləri məsələnin mahiyyətini doğru-dürüst araşdırmadan, qarşı tərəfin mövqeyini nəzərə almadan Azərbaycanı hədəf alıblar. Bu isə bir daha konqresmenlərin nə qədər qərəzli olduqlarını sübut edir.
“Həmin konqresmenlər erməni lobbisindən bəsləndikləri üçün ölkəmizi ağına-bozuna baxmadan qaralayırlar”
Məsələyə münasibət bildirən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlının fikrincə, bütün bunlar ondan irəli gəlir ki, ABŞ Azərbaycanın güclənməsini istəmir: “SSRİ dağılanda, Cənubi Qafqazda olan ölkələr müstəqillik əldə edəndə və biz erməni separatizmindən əziyyət çəkəndə gözləntilərimiz fərqli idi. Hesab edirdik ki, demokratik Qərb məsələlərə obyektiv yanaşacaq. Ancaq bunun tam əksi oldu. ABŞ 1992-ci ildə 907-ci Düzəlişi qəbul edərək Azərbaycana dövlət yardımını qadağan etdi. Ermənistan tərəfindən 20 faiz ərazimiz işğal olunsa da, ABŞ buna qarşı çıxmadı. Əksinə, Qarabağdakı separatçılara ayrıca maliyyə yardımı ayırdı. Azərbaycan Qərb şirkətləri ilə kontraktlar imzalasa da, bu nəyisə dəyişmədi. Bəlli oldu ki, biz Qərbə inanmaqda yanılmışıq. Həmin proses bu gün də gedir. Azərbaycan 2 il əvvəl öz ərazilərini işğaldan azad edəndə ən çox Qərb ölkələri bundan narahat oldu. Xüsusən də Fransa. O cümlədən, ABŞ Konqresində erməni lobbisinin maraqlarından çıxış konqresmenlər buna hər vəchlə mane olmağa səy göstərdilər. Həmin konqresmenlər erməni lobbisindən bəsləndikləri üçün Azərbaycanı ağına-bozuna baxmadan qaralayırlar. Onlar bilə-bilə ki, Ermənistan Rusiyanın forposudur, bunu görməzdən gəlirlər”.
Bu baxımdan professor hesab edir ki, Azərbaycan bu kimi qarayaxmalara məhəl qoymadan öz maraqlarını qorumalıdır.
Vidadi ORDAHALLI