İrəvanda norveçli həmkarı Anniken Hyuitfeldlə birgə keçirdiyi brifinqdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yenə bəzi məsələləri təhrif edib və Azərbaycanın adından yalan danışıb.
O bildirib ki, Azərbaycan nümayəndələri danışıqlarda Laçın dəhlizi ilə rejim baxımından eyni olan Ermənistan ərazisindən keçən yolun açılmasını təklif etmirlər: “Danışıqlar zamanı Azərbaycan nümayəndələri Laçın dəhlizi ilə eyni olacaq və eyni rejimli yolun olmasını nə təsdiq, nə də təklif edirlər. Əgər cənab Çavuşoğlu bu komponentlə bağlı bizimlə danışıqlara başlamaq istəyirsə, daha yaxşı olar ki, bunu öz adından desin”.
Bütün bunlar azmış kimi, A.Mirzoyan Avropa İttifaqı mülki missiyasının sərhəddə aparacağı monitorinqlə bağlı yazacağı hesabatın məzmununu qabaqcadan təhrif etməyə cəhd edib. Belə ki, jurnalistin “Avropa İttifaqının missiyasından gözləntiləriniz nədir” sualına nazir belə cavab verib: “Biz missiyanın faktlar toplamasını və bu faktlarla Azərbaycanın süveren Ermənistana təcavüz etdiyinə dair bizim mülahizələrimizin həqiqiliyini təsdiqləməsini gözləyirik”.
Bütün bunlar onu göstərir ki, Ermənistandan hansı saxtakarlıq desən gözləmək olar. Aİ-nin mülki missiyası sərhədə hələ təzə gəlib, bunlar artıq indidən missiyadan nə istədiklərini açıq şəkildə ortaya qoyurlar. Mülki missiyanın işini yönəldirlər. Ermənilər bununla Aİ-nin missiyasını özlərinin siyasi oyunlarında alətə çevirmək istəyirlər. Erməni rəsmilərinin əsas məqsədi budur.
“Bununla, faktiki olaraq, Avroittifaqın mülki missiyası iflasa uğramaq üzrədir”
Məsələyə münasibət bildirən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin fikrincə, bütün bunlar erməni həyasızlığının heç bir çərçivəyə sığmadığını göstərir: “Aİ-nin mülki missiyası əslində sərhəddə etimad mühitinin yaradılması ilə bağlı yaradılmışdı. İlk baxışdan güman edilirdi ki, bu missiyanın əsas funksiyası sərhədlərin dəqiqləşməsinə kömək olacaq. Ancaq mülki missiya fəaliyyətə başlamamış, istər Aİ-nin bəzi rəsmiləri, istərsə də Ermənistanın rəsmi dairələri həmin missiyanın fəaliyyətini yönəltməyə başladılar. Yəni Ermənistanın dediklərini təstiq edən qurum kimi təqdim etməyə çalışdılar. A.Mirzoyanın məlum açıqlaması bu siyasətin tərkib hissəsidir. Bu artıq rəsmi İrəvanın həyasızlığının son həddidir. Ermənistan çalışır ki, mülki missiya onlar nə deyirsə, onu bəyan etsin. Birbaşa mülki missiyanın işinə təsir edirlər ki, bunun özü beynəlxalq hüquqa ziddir. Aİ-nin mülki missiyası regional bir təşkilatın missiyasıdır. Missiyanın fəaliyyətinə bu formada açıq şəkildə, həyasızcasına təsir göstərmək yolverilməzdir. Ona görə də Avropa rəsmiləri özləri bu barədə düşünməlidilər. Bununla, faktiki olaraq, Aİ-nin mülki missiyası iflasa uğramaq üzrədir”.
Partiya sədri onu da əlavə etdi ki, Ermənistanın bu yöndə fəaliyyəti heç bir normalara sığmır.
Vidadi ORDAHALLI