Məlumdur ki, avqustun 31-də Brüsseldə Əliyevin, Paşinyanın, Makron və Mişelin iştirakı ilə keçirilmiş görüşdə Ermənistanın öz təşəbbüsü ilə Ermənistan sərhəddinə mülkü missiya göndərmək barədə razılıq əldə olunub.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır: “Dünən XİN Ararat Mirzoyan Yerevanda səfərdə olan Norveçin XİN başçısı Anniken Hyuitfeldlə mətbuat konfransında bütün ölkəsinin siyasətini ifşa edən fikir bildirib. Jurnalistin "Avropa Birliyinin missiyasından gözləntiləriniz nədir?" sualına nazir belə cavab verib:
"Biz missiyanın faktlar toplamasını və bu faktlarla Azərbaycanın suveren Ermənistana təcavüz etdiyinə dair bizim mülahizələrimizin həqiqiliyini təsdiqləməsini gözləyirik".
Mətləb tam aydın və birmənalı ifadə edilib. Tərəfimdən heç bir təhrifə yol verilmədiyinə əminəm.
Artıq heç bir şübhə yoxdur ki, Ermənistan Avropa missiyasının hesabatına təsir üçün hər vasitəyə əl atacaq, missiya üzvlərini satın almaqdan tutmuş şantaj cəhdlərinə qədər hər şey ola bilər. Adam açıq deyir ki, biz Avropa missiyasından bizim mülahizələrimizi təsdiq edən faktlar toplamasını istəyirik. Bu, bir missiyanın işinin nəticələrini öncədən müəyyən etmək və komissiyaya təsir-təzyiq göstərmək cəhdi deyilmi? Brüsselin qərarı ilə yaradılmış missiyanı təcavüz oyunlarında alət etmək cəhdi deyilmi?
Bundan sonra, Avropa Birliyinin susması və fakta münasibət bildirməməsi çox təəccüblü olardı...”