Ermənistan, hər zaman olduğu kimi, yenə də Azərbaycanı qaralamaq, eyni zamanda da özünü beynəlxalq aləmdə “yazıq, məzlum, köməksiz” kimi qələmə vermək üçün hər vasitəyə əl atır. 44 günlük müharibədən sonra, xüsusən də 2022-ci ilin sentyabr hadisələri zamanı və sonrası Ermənistan tərəfi belə bir məlumat yayırdı ki, ermənilər Gorus və digər sərhədyanı yaşayış yerlərini tərk edir, guya onlar Azərbaycanın “hücumundan” qorxduqları üçün belə edirlər.
Ermənistan hökuməti və bəzi erməni QHT-ləri belə yanlış informasiyalar yayaraq erməniləri xofa salırdılar. Bu tendensiya indi də davam etdirilir. “Geqamas” icmasının keçmiş rəhbəri Akop Avetyan erməni mətbuatına bildirib ki, Göyçə mahalının Kəvər, Bəyazid, Qırmızıkənd, Aşağı Qaranlıq, Basarkeçər rayonlarında yaşayan erməni əhali evlərini tərk etməyə başlayıb. “Oradakı insanlar qorxu içində yaşayır. Artıq bir neçə aydır, demək olar ki, hər gün atışma səsləri gəlir. Rayon rəhbərliyi nə qədər təbliğat aparsa da, bu ərazilərdə qalan ermənilər evlərini dəyər-dəyməzə satıb qaçırlar. Biz onlara başa salırıq ki, sizin bu əraziləri boşaltmağınız əleyhimizə işləyir. Amma insanlar qorxu içindədir, onları da qınamaq olmaz. Artıq ümumi əhalinin 50-60 faizi Göycəni tərk edib. Məktəblər, bağçalar fəaliyyət göstərmir”.
“Mülki ermənilər də bilməlidir ki, Azərbaycan dövləti təcavüzkar deyil, sülh tərəfdarıdır”
Bunu növbəti erməni təxribatı hesab edən AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri Qasım Hacıyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, 44 günlük müharibədən sonra Ermənistan cəmiyyəti tamamilə başını itirib. “Əslində, ermənilər hər bir məsələdən bəhanə tapırlar ki, revanşist niyyətlərini ört-basdır etsinlər. Bu gün dünyanın aparıcı qurumları və bəzi dövlətləri Ermənistanı Azərbaycanla sülh müqaviləsi bağlamağa çağırır, hətta bu işin noyabrda həyata keçiriləcəyi də deyilir. Ermənistan sülh müqailəsi imzalamaqdan yayınmaq və öz revanşist niyyətlərini davam etdirmək üçün süni məsələləri ortaya atır. Guya Azərbaycanın qorxusundan həmin ərazinin sakinləri yerlərini tərk edirlər. Bəlkə də heç yerindən tərpənən də yoxdur, amma Ermənistanın müəyyən adamları Azərbaycanı qaralamaq məqsədilə belə yollara əl atırlar. Bir şeyi dərk etmirlər ki, Azərbaycan ordusu heç zaman mülki əhaliyə güllə atmır. Özləri 30 il torpaqlarımızı işğal altında saxlayıb başımıza od ələdilər, sərhədi pozdular, dinc sakinlərimizə, uşaqlarımıza atəş açdılar, əkin sahələrimizi yandırdılar. Azərbaycan dövləti, isə Ermənistandan fərqli olaraq, mülki əhaliyə güllə atmır, mülki yerlərə raket zərbəsi endirmir. Amma Ermənistan Gəncəni, Bərdəni və başqa şəhərlərimizi vurdu. Ermənilərin bu hərəkətləri boş hay-küydən başqa bir şey deyil. Azərbaycan işğalçı dövlət deyil, bölgəmizdə bir işğalçı dövlət varsa, o da Ermənistandır. Ermənistan öz havadarlarının köməyi ilə çox çalışır ki, öz adını bizə qoysun, amma bacara bilməz. Azərbaycanın niyəti də, məqsədi də bəllidir. Dünya Ermənistanın növbəti hay-küyünə uymamalıdır. Mülki ermənilər də bilməlidir ki, Azərbaycan dövləti təcavüzkar deyil, sülh tərəfdarıdır. Onlar öz dövlətinə təzyiq göstərməlidir ki, Azərbaycanla sülh bağlasın”.
Q.Hacıyev vurğuladı ki, Ermənistan bu hərəkətlərlə beynəlxalq aləmin dəstəyini qazanır, amma bu faydasız olacaq.
İradə SARIYEVA