Ermənistan hakimiyyəti əzəli ata-baba torpaqlarımızı işğal altında saxladığı onilliklər ərzində yalnız yaşayış məntəqələrini deyil, məzarlıqları da dağıdıb viran qoyublar. Vəhşiliyin, nifrətin və vandalizmin tam mənzərəsi isə həmin ərazilərin işğaldan azad edilməsindən sonra bizə, eləcə də dünyaya bütün çılpaqlığı ilə aydın oldu. Əlbəttə ki, belə miqyasda dağıntılar müharibə zamanı törədilə bilməzdi. Cinayətkar, talançı və işğalçı ermənilər bu vəhşilikləri 30 illik işğal dövründə törətmişdilər.
Ermənilərin azərbaycanlılara aid məzarlıqları darmadağın etdikləri, baş daşlarını, sinə daşlarını söküb apardıqları, yaxud sındırıb tökdükləri məlumdur. Bu acı mənzərəni əks etdirən onlarla fakt, videomateriallar var. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov media nümayəndələrinə açıqlamasında deyib ki, 30 illik işğal dövründə də həmin qəbirlər Xankəndidə idi: “Onlar indiyə kimi bu qəbirləri dağıtmamışdılarsa, deməli, zamanın yetişməsini gözləyirdilər. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində xeyli tarixi mədəniyyət abidələri erməni vandalizminə məruz qalıb. O cümlədən, 500-ə yaxın tarixi əhəmiyyətli qəbiristanlıq, 72 məscid, 182 ziyarətgah ermənilər tərəfindən dağıdılaraq yox edilib”.
Təəssüf ki, dağıdılan qəbirlər, məscid və ziyarətgahlarla bağlı məsələ hələ də beynəlxalq səviyyədə araşdırılmayıb.
“Ermənilərin azərbaycanlılara aid məzarlıqları darmadağın etməsi, baş daşlarını, sinə daşlarını sökməsi ciddi şəkildə araşdırılmalıdır”
AMEA-nın Sosiologiya və Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO başqanının müavini, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, erməni vandalizminin mahiyyəti Azərbaycan xalqının mədəniyyətini məhv etməkdir. Onlar azərbaycanlılara məxsus qəbirləri də hədəf kimi seçib dağıtmışdılar: “Ermənilər məzarları dağıtmaq, onları məhv etməkdən çəkinmirdilər. Ermənilər azərbaycanlılara aid məzarları dağıtmaqla öz tarixlərini qədimləşdirmək istəyirdilər. Guya orda əvvəldən ermənilər yaşayıb, həmin yerlərdə erməni qəbirləri olub”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, ermənilərin azərbaycanlılara aid məzarlıqları darmadağın etməsi, baş daşlarını, sinə daşlarını sökməsi ciddi şəkildə araşdırılmalıdır. Bu işə beynəlxalq ekspertlər də cəlb edilməlidir: “Ancaq elə mütəxəssislər cəlb edilməlidir ki, birtərəf mövqedə olsun. Gördükləri mənzərəni olduğu kimi beynəlxalq arenaya çatdırsın, yoxsa ermənilərin xeyrinə qərar çıxarmasınlar. Hesab edirəm ki, məzarlıqlarla bağlı aparılacaq tədqiqatlarda BMT, YUNESKO və İSESKO-nun ekspertəri iştirak edərsə daha yaxşı olar”.
Günel CƏLİLOVA