“Bir təklif də verdim ki, Zəfər günləri ərəfəsində...”
Azərbaycan Mətbuat Şurasında (MŞ) Vətən müharibəsində iştirak edən jurnalistlərlə görüş keçirilib. Görüşdə “Bakı-Xəbər” qəzetinin əməkdaşı, Vətən Müharibəsi İştirakçılarının Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri, qazi jurnalist Nahid Salayev də iştirak edib.
Görüşlə bağlı bizimlə təəssüratlarını bölüşən N.Salayev qeyd etdi ki, tədbirdə MŞ sədri Rəşad Məcid, Jurnalist Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, qazi jurnalistlər Rey Kərimoğlu, Emin Həsənli və digər şəxslər iştirak edib və qazi jurnalistlərimizin döyüş yolundan qürur hissi ilə söz açıblar. “Mətbuat Şurasında keçirilən görüşdə qazi jurnalist kimi mən də iştirak etdim. Görüşdə döyüşən jurnalistlər çıxış etdilər, mənim də çıxışım oldu. MŞ sədri qazi jurnalistlərlə bağlı tədbirlərin davamlı olacağını dedi və qərara gəlindi ki, Mətbuat Şurasının tərkibində qazi jurnalistlərin koordinasiya şurası yaradılsın, eyni zamanda da vahid siyahısı hazırlansın. Döyüşdə iştirak edən jurnalistlərin xatirələrindən ibarət kitabın çap olunması üçün mənbə təyin olundu. Bu proses davam edəcək. Bir qazi jurnalist kimi Mətbuat Şurasında bizimlə keçirilən görüşdən və burada qəbul edilən qərarlardan razı qaldım. Bu bizə stimul verir”.
N.Salayevin sözlərinə görə, görüşdə qazi jurnalistlər öz sosial problemlərini dilə gətirib və qərara gəlinib ki, MŞ-da qazi jurnalistlərlə görüşlər davam etdirilsin. “Mən də çıxışımda bildirdim ki, döyüşdə iştirak edən jurnalistlərin konkret siyahısı hazırılansın. Müxtəlif dövlət tədbirlərində bu jurnlistlərin iştirakı təmin olunsun. Bir təklif də verdim ki, Zəfər günləri ərəfəsində Mətbuat Şurasının təşkilatçılığı ilə qazi jurnalistlərin Şuşaya səfəri təşkil olunsun” - deyə N.Salayev qeyd etdi.
İradə SARIYEVA